Oxu.Az sizə Günay İbrahimlinin müsahibəsini təqdim edir:
- Sizi yaxından tanıyaq...
- Mən Azərbaycanın gözəl guşələrindən biri olan Füzuli rayonunda dünyaya gəlmişəm. 23 yaşım var. 70 saylı orta məktəbi bitirmişəm. Eyni zamanda, 2 saylı musiqi məktəbində fortepiano üzrə 7 il təhsil almışam. 10-cu sinifdən sənədlərimi A.Zeynallı adına musiqi kollecinə verdim və orada təhsilimi davam etdirdim. 2007-ci ildə “Yeni Ulduz” müsabiqəsinə qatıldım. Demək olar ki, müğənnilik fəaliyyətim həmin müsabiqədən sonra başladı. Hal-hazırda ADMİU-nun IV kurs tələbəsiyəm.
- Ailənizdə incəsənət sahəsində çalışan var?
- Ailəmizdə hamı musiqiçidir.Valideynlərim 30 il musiqi müəllimi işləyiblər. Hər ikisi qarmon ifaçısı olublar. Hazırda tamamilə başqa sahə ilə məşğuldurlar. Bacım da 7 illik musiqi məktəbini bitirib. Amma hazırda tərcüməçi işləyir, ADU-nun məzunudur. Qardaşım 13 yaşındadır, yaxşı səsi var. O da mənim kimi bu sahənin ardınca getmək istəyir. Amma valideynlərim onun hüquqşünas olmasını istəyirlər.
- Necə bir insanla ailə qurmaq istərdiniz?
- Sevib ailə quracağım insanla aramızda mütləq qarşılıqlı inam və hörmət olmalıdır. Həmin insan məni sənətimlə bərabər olduğum kimi qəbul etməlidir. Çünki mən bu sənətə çox çətinliklə gəlmişəm. Həm maddi, həm də mənəvi çətinliklərim çox olub və fikirləşirəm ki, ailə həyatı qurandan sonra birdən-birə sənətimi atsam, ən azından tamaşaçılarıma qarşı hörmətsizlik etmiş olaram. Hətta mən sənətdən birdəfəlik əl çəksəm, buna görə depressiyaya düşə bilərəm.
- İndiki gənclər qayınana ilə deyil, ayrı yaşamağa üstünlük verirlər. Bəs siz necə?
- Mən bu fikirlə tamamilə razıyam. Yenicə ailə quran iki gənc mütləq ayrı yaşamalıdır. Çünki gəlin tamamilə yeni bir mühitə düşür. Onun əvvəlki yaşadığı mühitlə ailə qurduğu mühit arasında istər-istəməz çox fərq olur. Həmin mühitə öyrəşənə qədər söz-söhbətlər yarana bilər. Yəni aradan o qarşılıqlı hörməti, pərdəni götürməmək üçün gəlin qayınana ilə bir evdə yaşamamalıdır. Əgər onlar arasında kiçik münaqişə yaşansa, bu ərlə-arvad arasında böyük söz-söhbətə səbəb yaradar. Nəticə, hətta boşanma ilə bitə bilər. Bütün bunların baş verməməsi üçün mən ayrı yaşamağın tərəfdarıyam.
- Çəkinmədən, mənfi cəhətlərinizi söyləyə bilərsiniz?
- Hamıya, hər şeyə tez inanıram.
Bu arada müğənni, prodüseri Sevinc Əliyevaya üzünü tutaraq bu sualın cavabını ondan soruşur. Sevinc xanım isə söhbətimizə sözün yaxşı mənasında müdaxilə edərək, bunları deyir:
- Tez əsəbiləşir, tez də sakitləşir. Kənardakıların fikirlərinə çox inanır.
- Sirrinizi bölüşürsünüz, yoxsa qapalı insansınız?
- Sirrimi bölüşməyi sevirəm, amma hər kəslə deyil. Mənim sirr dağarcığım elə mənim prodüserim Sevinc xanımdır (gülür).
- Amma siz daha çox şanslısınız. İnsanın yaxın rəfiqəsi anası və bacısıdır. İkisi də sizdə var...
- Əslində, bacımla tez-tez söhbət edə bilmirəm. Çünki o, işi ilə bağlı əcnəbi ölkələrdə səfərdə olur. Çox vaxt evə gec gəlirəm, ona görə anamla da söhbət etməyə vaxtım olmur. Amma Seva həmişə yanımda olur. Nə sözüm olursa, onunla rahat bölüşə bilirəm.
- Çətin anlarınız çox olub? O zaman nə etmisiniz?
- Olub, bəli. Amma düşdüyüm çətin vəziyyətdən yol tapıb çıxa bilirəm. Ürəyin, qəlbin təmiz olandan sonra Allah sənə özü yol açır.
- Sizə doğma olan birini hansı hərəkətinə görə bağışlaya bilməzsiniz?
- Xəyanəti bağışlaya bilmərəm. Çünki bağışlasam, əvvəlki səmimi münasibət bərpa olunmayacaq. Bir dəfə xəyanət edən insan, növbəti dəfə yenə edəcəkdir.
- Əsəblərinizi cilovlamağı bacarırsınız, yoxsa bu sizin üçün çətindir?
- Çox çətindir, ani zamanda özümdən çıxa bilərəm. Bu zaman mənə əsəblərimi cilovlamaq çox çətin olur.
- Sizi ilk dəfə açıq geyimdə konsertinizdə gördük. Amma biz dəfələrlə o cür və ondan da açıq-saçıq geyimləri əcnəbilərin konsertlərində izləmişik. Bəs yerli müğənnilərimizin bu cür geyimləri niyə bu qədər rezonans doğurur?
- Çünki media işçiləri bunu reytinq xatirinə edirlər. Yazdıqları, çatdırdıqları məlumat tez yayılıb, çox oxunsun deyə o cür yazmağa üstünlük verirlər. Onların düşüncəsinə görə, informasiyanı, “Günay İbrahimli konsert verdi” şəklində yazsalar, xəbəri az sayda oxucu oxuyub paylaşacaq. Amma “Günay İbrahimli konsertdə soyundu” yazanda onların yazısı reytinqləri darmadağın edəcək. Çox təəssüf ki, həmişə belə olur.
- Həyatda hansı geyim üslubuna daha çox üstünlük verirsiniz?
- Ən çox qlamur və klassik üslubda geyinirəm. Əksər insanlar adi həyatda özlərini idman geyimində daha rahat hiss edirlər və həmin geyimə üstünlük verirlər. Məndə isə əksinədir. Həm bu mənim təbiətimdən irəli gəlir, həm də öyrəşmişəm. Klassik üslubda özümə sanki daha çox inanıram və sərbəst oluram. Gündəlik həyatımda hündürdaban ayaqqabılara daha çox üstünlük verirəm.
- Məsləhətlərə qulaq asırsınız, yoxsa hər şeyi öz bildiyiniz kimi edirsiniz?
- Bəli, qulaq asıram. Mən hansısa işi görməyi planlaşdıranda, mənə, “Bunu etmə, alınmayacaq”- deyiləndə, əgər doğrudan yerində və düzgün verilmiş məsləhətdirsə, mən həmin fikri mütləq dəyərləndirirəm. Hətta mən o iş fikrimdən daşına da bilərəm. Amma sonda qərarı özüm verirəm.
İndi mən əvvəlkindən daha da məsuliyyətli olmağa çalışıram və mahnı, klip, geyim seçimlərimdə indi çox diqqətli olmalıyam. Çünki artıq tanınıram. Yeni yazılan mahnılarım elə səviyyədə olmalıdır ki, köhnə hitlərimdən geridə qalmasın, hətta üstün olsun.
İndi tamaşaçının zövqünü oxşamaq daha çətindir. Çünki hər janrda olan mahnılara tələbat var, dinlənilir və qulaq asılır.
- Ən çox hansı bəstəkar və şairlərlə işləyirsiniz?
- Əslində, mən gənclərlə işləyirəm.
Yaşlı nəsil bəstəkarlar gənc nəsli tez-tez qınaq obyektinə çevirir.
Mən bu yaxınlarda televiziya proqramlarının birində belə bir halla üzləşdim. Yaşlı nəsil bəstəkar gənc bəstəkarları tənqid etdi, bəyənmədiyini söylədi.
Bu cür hallar məni çox qıcıqlandırır. Əslində, bu gənclərin uğurudur, onların irəliləyişidir. Onlara dəstək olub, məsləhət verməlidirlər, amma əksinə edirlər. Hər aşiqin öz dövranı var.
Düzdür, mənim orta nəslin nümayəndələrindən olan bəstəkarlardan da mahnılarım var.
Gövhər Həsənzadənin 2010-cu ildə mənim üçün yazdığı mahnını, hələ heç yerdə ifa etməmişəm. Onu gələcəkdə işıq üzü görəcək albomuma daxil edəcəm.
- Tanınmaq sizə ictimai yerlərdə rahat gəzmək üçün mane olur?
- Əsla. Mən bundan zövq alıram. Marketə də gedirəm, küçədə də gəzirəm. Birdən avtomobildən bezirəm, piyada gəzirəm. Mən də sıravi vətəndaşam. Hamı kimi mənə də sərbəst gəzmək, əylənmək xoşdur.
Üz quruluşum elədir ki, fərqli makiyajlarla, özümü dəyişə bilirəm, həmin vaxt məni küçədə tanımırlar. Makiyajsız da çıxıram. Amma bir kəlmə söz deyən kimi səsimdən tanıyırlar ki, bu Günaydır. Bu mənim üçün çox xoşdur. Çünki səsimlə yaddaşlarda qala bilmişəm.
- Sizi səs tembriniz və səhnə davranışlarınıza görə İradə İbrahimova və Röya Ayxana bənzədirlər. Bu barədə nə söyləmək istərdiniz?
- İlk dəfə radioda mahnım səslənəndə, səsimi İradə İbrahimova ilə Röya Ayxana, hətta Zülfiyyə Xanbabyevaya da bənzədənlər olmuşdu.
Buna normal baxıram. Səhnəyə gələn yeni müğənnini həmişə kimlərəsə bənzədirlər. Həm İradə İbrahimova, həm də Röya Ayxanı çox bəyənirəm. Hər ikisinin diski avtomobilimdə var, qulaq asıram. Amma vaxt keçdikcə, insan özünü sübut edərsə, artıq səni özün kimi qəbul edirlər. Onların öz yeri, mənim öz yerim var.
- Şou-biznesdə küsülü olduğunuz müğənnilər var?
- Bəli, Natavan Həbibi ilə küsülüyəm.
O, maqazin verilişlərinin birində mənim haqqımda nalayiq sözlər işlətmişdi. Ən azından mənim telefon nömrəmi bilirdi, zəng edib sözünü deyə bilərdi. Amma o bunu efirdən etdi. Məni tanıya-tanıya elə bilirdi ki, efirdə o cür ifadələr işlətməklə, özünə reytinq qazanacaq. Amma elə deyil.
- Yeni ildə fanatlarınızı hansı yeniliklərlə sevindirəcəksiniz?
- 2014-cü ildə ilk albomum işıq üzü görəcək. Albomda təxminən 15 mahnı yer alacaq. Türkiyədə saytım hazırlanır, yeni ildə onu da təqdim edəcəm.
Çəkilişdə göstərdiyi köməyə görə “Perfetto” restoranına minnətdarlığımızı bildiririk. Ünvan: B.Səfəroğlu 133. Əlaqə nömrələri: (012)597-18-97,
(055) 240-76-77.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az