İllər əvvəl “ABA” telekanalında yayımlanan “100%” verilişi ilə teleməkana yenilik gətirən, hazırda isə ABŞ-da yaşayan azərbaycanlı teleaparıcı Günel Musəvi bir neçə gündür ki, vətənə gəlib.
Biz də fürsətdən istifadə edib Günel xanımla görüşdük.
Oxu.Az teleaparıcının müsahibəsini təqdim edir:
- Hava Limanına enəndə ilk təəssüratlarınız nə oldu?
- Təəssüratlarım çox yaxşıdır. Evimin, valideynlərimin ABŞ-da olmasına baxmayaraq, hiss etdim ki, öz evimə gəlirəm.

- 4 illik fasilədən sonra vətənə geri dönəndə yeni və köhnə nələrin şahidi oldunuz? Çox fərqlilik hiss etdiniz?
- Sözün düzü, mən Azərbaycanda baş verənlər barədə sosial şəbəkələr, internet portalları vasitəsilə xəbərdar olurdum. Yollarda dəyişiklik var. Yeni körpülər salınıb. Bu dəyişiklikləri sosial şəbəkə vasitəsilə izləyib, görmüşdüm. Yeni tikililəri, dizaynları kənara qoysaq, Bakını necə qoyub getmişdim, elə də qalıb. Əslində, buna çox sevindim. Qorxurdum ki, Bakı çox Avropasayağı olub. Mən hər ölkənin öz milliliyinin qorunmasının tərəfdarıyam. Avropanı görmək istəyən gedib Avropada yaşayır.
İçərişəhərə gəzintiyə çıxanda ürəyim açıldı. Gördüm ki, millilik olduğu kimi saxlanılıb. Doğrudan da hiss edirsən ki, bura Azərbaycandır.

- ABŞ-da Azərbaycan telekanallarını, yaxud aparıcılarını izləyirsinizmi?
- Maraq üçün hərdən baxıram. İki saat vaxtımı boş-boş söz-söhbətlərə həsr etmək istəmirəm. Yerli telekanllarımızın efirində ancaq müğənnilərin qalmaqalları nümayiş olunur. Mən beynimi filankəs filankəslə dalaşdı, boşandı və s. kimi məlumatlarla yükləmirəm. Onun əvəzində Ağ Evdə hansı qanun qəbul edilib ona baxaram. Ciddi xəbərləri, tarixi, siyasi, iqtisadi kitabları oxumağa daha çox üstünlük verirəm.
Məni həmişə real həyatla bağlı olan məlumatlar daha çox maraqlandırır. Yer planeti qeybətin üzərində qurulmayıb axı?!
Burada aparıcılara, müğənnilərə baxırsan, hamısı bir-birinə oxşayır. Eyni makiyaj, eyni saç düzümü edirlər. Bir-iki nəfəri çıxmaq şərtilə burada peşəkar vizajistlər, stilistlər yoxdur. Amma xarici ölkələrdə belə deyil. Bir aparıcının üzərində bir neçə nəfər çalışır.

- Bəs, azərbaycanlı müğənnilərdən kimə qulaq asırsınız?
- Zamiq Hüseynov və Günay İbrahimli.
- Qadının kişi, kişinin isə qadın peşəsi ilə məşğul olmasına necə baxırsınız?
- Ən yaxşı ginekoloqlar, ən yaxşı aşpazlar kişilərdir. Hər insanı bir peşə cəlb edir, hansısa kişini bu sahələr maraqlandırdığı üçün seçimini o cür edir. Kişi qadın həkimi olanda onunla yatmır ki?! Qadının xəstə orqanını müalicə edir. Artıq qadın, yoxsa kişi ginekoloqa müraciət etmək xəstənin öz seçimidir.
Lakin mən heç vaxt kişi ginekoloqa müraciət etmərəm, utanaram.
Amerikada isə məktəb avtobuslarını qadınlar sürür.
Ümumiyyətlə, düşünürəm ki, kişilər hər bir peşədə daha peşəkardırlar.

- Amerikaya köçəndən sonra qədirbilənlərinizin sayı artdı?
- Düzünü desəm, saymamışam (gülür). Zarafat bir yana, mən bura gələndə nə qədər çox sevilən insan olduğumu hiss etdim. Telefon zəngləri dayanmır. Hamı mənimlə görüşmək istəyir. Bu, məni sevindirir. Hətta “Tarqovı”ya gəzintiyə eynəklə getmişdim. Düşündüm ki, məni tanımazlar. Amma mağazalardan birinə yaxınlaşanda, gördüm ki, satıcı mənə baxıb gülümsəyir. Bir anlıq ağlımdan keçdi ki, satıcılar nə yaxşı xeyirxah olublar (gülür). Sonra bildim ki, o məni tanıyıb.

- Gəlişinizin səbəbi hansısa yeni layihə ilə bağlıdır, yoxsa sadəcə ziyarətdir?
- Ailəmizdə baş verən xoş hadisə ilə əlaqədardır. Bir qardaşım Bakıdadır. Onun ikinci övladı dünyaya gəlib. Gəlişimi elə planlaşdırdım ki, uşağın doğulmağına bir neçə gün qalmış mən artıq Bakıda idim.

- Oxuculara həmişə məşhurların ailə həyatı haqqında məlumatlar oxumaq maraqlı gəlir. Ailəniz haqqında danışa bilərsinizmi?
- 3 qardaş, 2 bacıyıq. Valideynlərim mən uşaq olarkən, ayrılıblar. Sonradan atam da, anam da ayrı-ayrı insanlarla ikinci dəfə nikaha daxil olublar. Bacım atamın ikinci nikahındandır. Qardaşlarımın biri isə anamın ikinci nikahından. Mən uşaqlıqdan anamla yaşayıram. Atam da bizimlə eyni şəhərdə yaşayır. Tez-tez görüşürük.

- Amerikalıların azərbaycanlılara münasibəti necədir?
- Bura gəlib-gedən amerikalılar Azərbaycanı tərifləyirlər. Ölkəmizin təbiətini, insanların qonaqpərvərliyini çox bəyənirlər.
Amma orada belə deyil. Kiminsə, evinə qonaq gedəndə, xoş gəlmisən deyib qarşılayır, sonra isə bir kəlmə nə içmək yaxud yemək istədiyini soruşurlar. Sən “yox” deyəndən sonra saatlarla ac, susuz otursan da, bir daha sənə heç nə təklif etmirlər.

- Hansısa bir amerikalı dostunuzun evinə qonaq gedəndə bu cür münasibət sizə necə təsir bağışlayırdı?
- Təzə-təzə mənə qəribə gəlirdi. Daha sonra özüm onları başa salırdım ki, bizdə qonağa bir dəfə yemək təklif etməklə kifayətlənmirlər. Siz ən azı 3 dəfə soruşun. Mən sizə ondan sonra nə içmək, yaxud yemək istədiyimi söyləyəcəyəm (gülür).

- Bu, onlara qəribə gəlmirdi ki?
- Xeyr, onlar hər şeylə, başqa dövlətlərin adət-ənənələri ilə çox maraqlanırlar. Mən də qonağı necə qarşılayıb, yola salmaq adətimizdən danışırdım onlara.
- Vətənə gəlmişkən yerli televiziyalara yeni layihələrlə, yaxud təkliflərlə müraciət etməyi düşünürsünüzmü?
- Təklif gəlsə, qəbul edərəm. Amma özüm müraciət etmərəm. Çünki mən təkliflərimi getməmişdən əvvəl etmişdim. Mənə dedilər ki, get, sponsor axtar.
Nə qədər ki, burdayam, Bakıdan silsilə verilişlər hazırlayıb, YouTube kanalında yerləşdirəcəm. Bura gəlməmişdən əvvəl Çikaqodan, Torontodan belə verilişlər hazırlamışdım.

- ABŞ küçələrində də insanlar buradakı kimi cazibədar, baxımlı, bir balaca qısa ətəkdə xanımlar görən kimi ona diqqətlə, qəribə baxışla baxırlar?
- Orada hamı sadəliyə və gözəlliyə üstünlük verir. Fərqli libas geyinən insan görəndə, sadə və heyranedici baxışlarla baxırlar. Burada isə geyimə qiymət vermək üçün baxırlar. Birdən elə baxırlar ki, bütün ağırlıqlarını insanların üzərinə tökürlər.
Orada hətta “Oskar” mükafatlandırma mərasimində də məşhurlar çox sadə saç düzümü və makiyaj edirlər.
Bizimkilər, az qala, başlarında ev tikdirirlər.
Amerikada ancaq meksikalılar, filippinlər və qaradərililər çox makiyajdan istifadə edirlər.
- Birdəfəlik vətənə dönmək fikriniz varmı?
- Xeyr. Mən anamsız qala bilmərəm. Hara gedirsə, həmişə onun yanındayam. O da istəyir ki, mən ailə qurum, uşağım olsun. Mənim üçün isə fərqi yoxdur, harada yaşayıramsa, əsas odur ki, ailəm yanımda olsun. Amma Bakı hər zaman ürəyimdədir. Bu da mənim taleyimdir.
- Elə olur ki, vətən üçün çox kövrəlirsiniz?
- Dostlarım mənə Bəhram Bağırzadənin “Qorod” adlı kitabını bağışlamışdılar. Bakının küçələri, adət-ənənələri həmin kitabda çox gözəl təsvir edilmişdi. Cəmi on səhifəsini oxuya bildim, o qədər təsirli yazılmışdı ki, hər dəfə oxuyanda ağlayırdım. Bir gün kitabı qatlayıb kənara qoydum…

- Kompleksləriniz nədir?
- Ginekoloq kişi (gülür).
- Nədən qorxursunuz?
- Qapalı məkanlardan çox qorxuram. Ona görə heç vaxt konsertə getmirəm. Sıxlıq, izdiham olan yerlərdən çəkinirəm.
Hətta Beyonce, Rihanna mənim yaşadığım şəhərə konsert verməyə gələndə belə mən getməmişdim.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev