"Dözümlülük" ("Fortitude") adlı casus filminin yaradıcı heyəti "Netflix" yayım platformasını məhkəməyə verərək 105 milyon dollar təzminat tələb edib. İddiada şirkət hələ ekranlara çıxmayan filmin əsas nüsxəsini itirməkdə təqsirləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
Məhkəmə sənədlərinə əsasən, filmin prodüserlərindən biri hər hansı bir şifrəsi olmayan orijinal nüsxəni potensial müştəriyə nümayiş etdirmək məqsədilə birbaşa "Netflix" əməkdaşlarına verib. Şirkət nümayəndələrinə baxış başa çatdıqdan dərhal sonra bütün məlumatları silmək göstərişi verilmişdi. Lakin çox keçmədən "Netflix"in rəhbər şəxsi ofisdəki iş masalarından disklərin naməlum şəxslər tərəfindən oğurlandığını açıqlayıb.
Ekran işinin müəllifləri qeyd edirlər ki, bu hadisə layihənin gələcək taleyini ciddi risk altında qoyur. Onlar hesab edirlər ki, böyük kinostudiyalar filmin qeyri-leqal versiyasının internetə sızmasından qorxaraq yayım hüquqlarını almaqdan çəkinə bilərlər. İddiaçılar hesab edirlər ki, eksklüzivliyin itirilməsi filmin bazar dəyərini əhəmiyyətli dərəcədə azaldır.
Qeyd edək ki, "Dözümlülük" filminin ərsəyə gəlməsi 7 ildən çox vaxt aparıb və büdcəsi 45 milyon dollar təşkil edib. Süjet xətti İkinci Dünya müharibəsi illərində müttəfiq qüvvələrin həyata keçirdiyi eyniadlı məxfi əməliyyata ("Dözümlülük əməliyyatı") həsr olunub. Filmdə Nikolas Keyc, Ben Kinqsli, Ron Perlman və başqaları rol alıblar.