Hollivudun ən həsəd aparılan bəyi və onun sevgilisi 4 gün davam edəcək toy mərasimi üçün Venesiyaya uçub. Bütün Venesiya əsrin toyunu səbrsizliklə gözləyir. 53 yaşlı Corc Kluni və 36 yaşlı Alamuddinin qonaqları artıq cümə gününün səhər saatlarından başlayaraq Venesiyaya gəlməyə başlayıblar. Toya dəvət edilən məşhurlar arasında Sindi Kroufrd və Mett Deymon da var.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, mətbuatda yer alan məlumata görə, aktyor nişanlısı üçün 750 min dollarlıq nişan üzüyü alıb. Gəlinlik işi isə Alexander McQueen moda evinin dizayneri Sara Byortona həvalə edilib. Xatırladaq ki, Britaniya kral ailəsinin gəlini olan Keyt Midelton üçün də gəlinliyi o, tikmişdi.
C. Kluni və Amaluddin ilk dəfə keçən ilin senyabrında Venesiyada təşkil olunan xeyriyyə tədbirində tanış olublar. Bu ilin aprelində isə nişanlanıblar.
Cütlüyün toyu sentyabrın 29-da baş tutacaq. Mərasim Böyük kanalda yerləşən və şəhər meriyasına məxusu olan XIV əsrə aid qədim Palasso Farsettidə (Farsetti sarayı) baş tutacaq. Təhlükəsizlik məqsədi və pərəstişkarların mane olmaması üçün saraya gedən bütün yollar saat 12:00-dan 14:00-a kimi bağlı olacaq.
Bəylə gəlin qonaqlardan toya mobil telefonsuz gəlməyi istəyiblər. Bu addım internetdə foto və videoların yayılmaması üçün atılıb.
Toy şəkillərini çəkmək və yaymaq üçün ekskluziv hüququ məşhur Amerika jurnalı olan “Vogue” alıb. Sazişin məbləği açıqlanmasa da, bunu bir neçə milyon təşkil etdiyi bildirilir. Cütlük bu sazişdən əldə etdiyi pulları xeyriyyə fondlarında birinə verməyi planlaşdırır.