Xəbər verdiyimiz kimi Azərbaycan “The Big Apple Music Awards 2014”-də 3 mükafata layiq görülüb.
İlhamə Qasımova “Best Female Artist of Azerbajian” (“Azərbaycanın ən yaxşı qadın artisti”), Brilyant Dadaşova “Lifetime Achievement Award”, Tahir Eynullayev isə “Best Male Artist of Azerbajian” (“Azərbaycanın ən yaxşı kişi artisti”) nominasiyalarının qalibi olublar.
İlhamə Qasımova “The Big Apple Music Awards 2014” haqda təəssüratlarını Oxu.Az-la bölüşüb:
“Mükafatlandırma mərasimində Tacikistan, Türkmənistan, BƏƏ, eləcə də ABŞ-ın özündən və digər ölkələrdən namizədlər iştirak edirdi. Mən ifa etdiyim “Bei Mir Bist Du Sceheen” mahnısına görə mükafat aldım.
Digər azərbaycanlı namizəd Tahir Eynullayev idi. Onu illərdir tanıyıram. Çox gözəl rəqqasdır. O da layiq olduğu mükafata sahib oldu. Mən orada yalnız Tahiri gördüm, hər ikimiz mükafatı səhnədə bir yerdə aldıq. Başqaları barədə məlumatım yoxdur.
Mən səhnədən qayıtdıqdan sonra dərhal evimə geri döndüm. Mərasimdən sonra “party event” təşkil olunmuşdu. Mən oraya getmədim, çünki namizədlər və tədbirin təşkilatçıları arasında görmək istəmədiyim insanlar var idi.
Orada yaşayan azərbaycanlılar da bizə dəstək olmağa gəlmişdilər, sağ olsunlar. Zalda bayrağımızı dalğalandıraraq bizi ruhlandırmağa çalışırdılar. İlk çıxış edən ölkə məhz elə Azərbaycan oldu. Mən sevinirəm ki, ölkəmizin nailiyyətləri gündən-günə artır. Mükafatın böyük və ya kiçikliyindən asılı olmayaraq əsas odur ki, hər yerdə bayrağımız dalğalansın. Ən sevindirici hal o idi ki, Avropadan fərqli olaraq kim ölkəmizi soruşurdusa, hər kəs tanıyırdı. Bu, məni çox sevindirdi”.
Aytən Sadıqzadə
www.oxu.az