Xalq artisti İlhamə Quliyeva ATV-də Afaq Gəncəlinin təqdimatında yayımlanan “Onlar” verilişinə maraqlı müsahibə verib.
Oxu.Az xəbər verir ki, “Şərəf” və “Şöhrət” ordenli sənətkar bu il İtaliyada istirahət edəcəyini söyləyib:
“İtaliyanı sevirəm, orada dincələcəyəm. Orada alış-veriş etməkdən də xoşum gəlir”.
İlhamə Quliyeva vurğulayıb ki, o dənizə çimmək üçün getmir:
“Bu yaşıma çatmışam, amma indiyədək çimərlik geyimim olmayıb. Heç vaxt almamışam. Çünki mən yalnız dənizin kənarında oturub çay içməyi, şam etməyi, dənizi seyr etməyi çox sevirəm. Mən dənizdə çimmirəm. İndi abır-həya kimdə qalıb ki? Amma məndə var”.
Xalq artisti həmçinin açıq-saçıq və çimərlik geyimində məşhurları gündəmə gətirən paparatsilərdən də söz açıb:
“Çimərlik geyimlərində çəkilən şəkillərdən istifadə etmək yaxşı hal deyil. Həmin insanın ailəsi dağıla, şəxsi həyatına xələl gələ bilər. Şükür Allaha indiyədək paparatsilərə hədəf olmamışam. Çünki mən şou-biznes nümayəndəsi deyiləm.
Ona görə bu işin içində yoxam. Əgər kimisə paltarsız görürsünüzsə, üzünüzü başqa tərəfə çevirin. Bu, günahdır. Hərdən çaşıb əndazədən çıxırlar, o zaman ağıl-nəsihət verib həmin insanı yerində oturtmaq lazımdır”.
Aytən Sadıqzadə
www.oxu.az