Bakının Xəzər rayonunun Binə qəsəbəsinin sakinləri su təchizatı ilə bağlı problemlər yaşayırlar.
Bu barədə Oxu.Az-a daimi oxucularımızdan biri Facebook səhifəmizə yazaraq bildirib.
Onun sözlərinə görə, sutka ərzində yalnız bir saat müddətində verilən suyun keyfiyyəti də ürəkaçan deyil:
“Uzun illərdir ki, Binədə binalara verilən su içməyə deyil, heç çimməyə belə yaramır. Kranı 15 dəqiqəlik açmaq kifayətdir ki, əlüzyuyana yığılan qara qumu görmək mümkün olsun. Gün ərzində cəmi bir dəfə su “görürük””.
“İçməli suyu almalı və ya uzun məsafə qət edərək gətirməli oluruq. Axı biz paytaxtda yaşayırıq, həm də XXI əsrdə, amma suyu ibtidai icma quruluşunda olduğu kimi əldə edirik. Bu infeksiya xəstəliklərinin yayılmasına səbəb ola bilər. Bütün gün olmasa da, gündə bir saat olsun, amma xahiş edirik təmiz su versinlər - içməyə yararlı olan su. Ümid edirik ki, bu müraciət cavabsız qalmayacaq!”.
Bu fakt ilə əlaqədar Oxu.Az “Azərsu” ASC müraciət edib.
“Azərsu” ASC-dən bizə cavab verdilər ki, şikayəti qəbul etməyə hazırdırlar və abonentin ünvanını istədilər.
“Bizə daxil olan şikayətlərin hamısına baxılır. Əgər lazım olursa göstərilən ünvana nümayəndələrimizi yollayırıq, onlar yaranan problemi yerindəcə tədqiq edir və lazımi işləri həyata keçirirlər. Əsassız şərh verməyi yersiz hesab edirik”.
Oxucumuz nə ünvanını, nə də telefon nömrəsini qoymadığı üçün bizim əlimizdə “Azərsu” ASC-yə lazımi informasiya təəssüf ki, yox idi.
“Azərsu” ASC-dən isə bizi əmin etdilər ki, onlar vətəndaşlardan daxil olan istənilən şikayətə baxmağa və problemi həll etməyə hazırdırlar.
Gülnarə Zeynalova
www.oxu.az