“Şərəf” və “Şörət” ordenli xalq artisti İlhamə Quliyeva ATV-də yayımlanan “Onlar” verilişində bəzi həmkarları haqqında sərt fikirlər səsləndirib.
Oxu.Az xəbər verir ki, o, digər xalq artisti Brilyant Dadaşovanın da oxuduğu “Neyləmişəm” mahnısı barədə kəskin açıqlama verib:
“Fikrət Əmirov bu mahnını mənim üçün yazıb. İlk ifaçı mənəmsə, deməli məndən icazə almaq lazımdır. “Neyləmişəm” mahnımın oxunmasına qadağa qoymuşam. Hansı müğənni oxusa, onunla bağlı serial kimi şok açıqlamalar verəcəyəm. Quş səsi ilə oxumasın. Pis oxuyub, bərbad günə qoyub.
Bu yaxınlarda bir nəfərdən soruşurlar ki, “Bu mahnını İlhamə xanım oxuyub”. Cavab verir ki, “Hə, o da oxuyub. Amma mən türkiyəli ifaçıdan eşitmişəm”. Sən nə danışırsan? Buynuzun qaşınırsa, get divara sürt. Mənim sənətim də, yaşım da az deyil. Özlərini yığışdırsınlar.
Nisə Qasımovanın da (red.- “Yalvarıram”) mahnısını icazəsiz oxuyub. Nisə xanım həmin bəstənin möhürünü vurub. Onun-bunun paltarını və ayaqqabısını geyinib, yerişini yeriyə bilməzlər”.
İlhamə Quliyeva açıq-saçıq geyinən müğənniləri də tənqid edib:
“Yaşı 60-ı keçib, lüt soyunub klip çəkdirir. Sifəti dartdırmaqla, yanağı çuğundur etməklə deyil. Baş yekə, özü balaca görünür. Olmayan bədən formanı kimə göstərirsən? Bunu edən Aygün olub və möhürünü də vurub. Səndə hər şey sünidir, təbii yox. Özünü kimə göstərirsən?”.
Xalq artsti eyni zamanda övladlığa bir qız uşağı götürəcəyini də deyib:
“Mən yaxşılıq etmək üçün doğulmuşam. Azərbaycanlı bir qız uşağını övladlığa götürmək istəyirəm”.
Xatırladırıq ki, ifaçı bundan əvvəl nigeriyalı bir oğlan uşağını himayəsinə götürdüyünü bildirmişdi.