Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
İstənilən normal insanın verəcəyi reaksiyaya səbəb olacaq, yəni insan həyatının qısalığına kədərlənmək, mərhumun eksentrik ifadələrini xatırlayanda meydana gələn təbəssüm kimi emosiyalara səbəb olan bu xəbər sayılı dəqiqələr ərzində internetin bütün Azərbaycan seqmentinə yayıldı.
İlhamə xanım öz qalmaqallı bəyanatları və daimi məhkəmə prosesləri ilə özünəməxsus özəllikləri olan bir qadın idi, çoxlarında özünə qarşı rəğbət yaratsa da, bəzilərində kəskin nifrət də oyatmışdı. Zövqlər müzakirə edilmir, İlhamə Quliyevanın yaradıcılığının pərəstişkarları indi mərhum üçün həqiqətən kədərlənirlər, müğənni onlar üçün ola bilər ki, böyük bir şəxsiyyət və həqiqətən primadonna idi.
Amma bu hallarda təbii olan başsağlığı dolu şərhlərin fonunda işıq sürəti ilə başqa mövzulu şərhlər də yayılmağa başladı. Bu şərhləri yazan oxucuların hisslərinə olan hörmətimə baxmayaraq, şüursuzluq təzahüründən başqa ad verə bilmirəm. Cəsədi hələ soyumayan ahıl qadının xarici görünüşünü və maneralarını ələ salmaq, onun ölümünə aşkar sevinməyi yalnız mənəvi dəyərləri olmayanlar bacarar.
Onların ifadələrini burada misal gətirməyə dəyməz, onların çox kobud və vulqar şəkildə edildiyini bildirmək yetərlidir, bu isə həmin şərhləri yazanların tərbiyə və intellekt səviyyəsini göstərir.
İlhamə Quliyevanın hər zaman düşməni və tənqidçiləri olub. Şəxsən mən heç zaman onun pərəstişkarı olmamışam. İnsanlar tez-tez onun şəkillərini paylaşır və birmənalı olmayan şərhlər yazırdılar, həddən artıq ekstravaqant səhnə libasları, qalmaqallı bəyanatları üçün tənqid edirdilər. Amma etiraf etmək lazımdır ki, şok etməyi və özü haqqında danışmağa məcbur etməyi ustalıqla bacarırdı, ən azında buna görə hörmətə layiqdir.
Bu gün İlhamə Quliyevanın ölüm xəbəri altında sevincli və istehzalı şərhlər yazanlara isə bir şey demək istərdim – insanlar şəraitdən asılı olmayaraq insan olaraq qalmalıdırlar, çaqqal tayfasına bənzəməməlidirlər, çünki sizin yazdıqlarınızı mərhumun dostları və yaxınları da oxuyur. Başqasının dərdinə hörmət etmək bacarığı dəyərdən düşməyib.
Aliyə İsmayılzadə
www.oxu.az