Əziz oxucularımız, Yeni ildən etibarən hər həftənin çərşənbə günü sizə “Məşhur ailə” adlı yeni rubrikamızı təqdim edəcəyik.
Rubrikamızın ilk qonağı Gülay və Kamil Zeynalov cütlüyü oldu.
Məşhur ailə Oxu.Az-ın suallarını cavablandırdı:
- Kamil Gülayın ifasında ən çox hansı mahnını bəyənir?
- Gülay: İfa etdiyim bütün mahnıları bəyənir və sevə-sevə qulaq asır. Amma ən çox “Röyamdasan” adlı mahnını sevir.
- Kamil: “Röyamdasan” adlı mahnını. Bu mahnının mənim həyatımda xüsusi yeri var. Gülay bu mahnını ilk dəfə toyumuzda ifa etmişdi.
- Bəs Gülaydan başqa kimə qulaq asır?
- Gülay: Bütün yaxşı mahnılara qulaq asır. Fərqi yoxdur mahnını kim ifa edir. Əgər mahnı, musiqi onun zövqünü oxşayırsa, dinləyir. Kamil daha çox ritmik mahnıları dinləməyi sevir.
- Kamil: Daha çox əcnəbi mahnıları dinləyirəm. Əcnəbi məşhurlardan 50 Cent, yerli müğənnilərdən isə Röya Ayxana qulaq asıram.
– Kamilin mənfi cəhəti nədir?
- Gülay: Hər bir insanın mənfi və müsbət cəhətləri var. Əlbəttə ki, Kamilin də müsbət cəhətlərlə yanaşı mənfiləri də var. Ən mənfisi odur ki, o, çox tez əsəbiləşib, özündən çıxır. Amma tez də sakitləşir. Birdən olur ki, kiməsə möhkəm əsəbiləşir. Mən isə ürəyiyumşaq insanam. Kamil sakitləşəndən sonra ona başa salıram ki, sən həmin anda gərək elə etməzdin, necə deyərlər, yola verərdin. Mənim bu sözlərimdən sonra daha da sakitləşməyə başlayır.
- Kamil: Çox səbirsizəm.
– Sözünüz nə zaman çəp gəlir?
- Gülay: Geyimlə bağlı olur. Düzdür, hamı bilir ki, mən açıq-saçıq geyinmirəm, daha çox klassik geyimə üstünlük verirəm. Amma hərdən olur ki, mən özümə hansısa libası alanda deyir ki, dar olmasın. Mən də mübahisə etmirəm, onunla razılaşıram.
- Kamil: Ən çox mübahisəmiz mənim geyimlərimi səliqə-sahman ilə yerləşdirmək üstündə olur. Mənim geyimlərim dağınıq vəziyyətdə olur. O da buna görə məni danlayır.
– Onun qız fanatları sizi qısqandırır? (Sizin qız fanatlarınız onu qısqandırır?)
- Gülay: Qətiyyən. Çünki onun peşəsi elədir ki, xanımlarla da çox ünsiyyətdə olur. Mən onu sevəndə o bu işlə məşğul idi. Eləcə də, mənim də sənətim elədir ki, o da məni olduğum kimi qəbul edir. Əsas odur ki, o, mənim həyat yoldaşımdır, mənim ailəmin başçısıdır.
- Kamil: Təbii ki, qısqandırır. Amma zamanla buna öyrəşir.
– Sizi ən çox təəccübləndirən hədiyyəsi hansı olub? (Sizin hansı hədiyyəniz onu daha çox təəccübləndirib?)
- Gülay: Biz nişanlı idik. Həmin gün mənim doğum günüm idi. Kamildən isə heç səs-səmir çıxmırdı. Gecə saat on ikiyə beş dəqiqə qalmış ona zəng etdim ki, Kamil neynirsən? Mənə cavab verdi ki, parkda gəzirəm. Mən də pis oldum ki, saat artıq on iki olur, o, hələ də məni təbrik etməyib. Və birdən qapının zəngi çalındı. Kamil mənim adım yazılmış gül dəstəsini mənə hədiyyə etdi, çox təəccübləndim. Həmin hədiyyə heç vaxt yadımdan çıxmır. Mən gülü çox sevirəm.
- Kamil: Gülayın ən böyük arzularından biri turizm şəhəri olan Dubayı görmək idi. Mən ona Dubaya səyahət biletini təqdim edəndə buna çox sevindi və təəccübləndi.
– Kamilin pərəstiş etdiyi idmançı kimdir?
- Gülay: Kimliyindən asılı olmayaraq əgər o insan işinin peşəkarıdırsa, bəyənir. Ümumiyyətlə, Kamil yaxşı işlərdən, peşəkar, işini bilən şəxslərdən faydalanan insandır.
- Kamil: Dinindən və ölkəsindən asılı olmayaraq peşəkar, özünə hörmət edən, danışığını, yerini bilən istənilən idmançı.
- Hansınız daha çox səbirlisiniz?
- Gülay: Mən çox səbirliyəm.
- Kamil: Gülay səbirlidir. İşimlə əlaqədar olaraq mən çox əsəb keçirirəm. Amma Gülay məni həmişə sakitləşdirməyə çalışır.
- Siz övladınıza acıqlananda atası necə reaksiya verir? O da tənbeh edir, yoxsa uşağı müdafiə edir? (Gülay övladınıza acıqlananda sizin reaksiyanız necə olur?)
- Gülay: Mən yaxınlarımın, tanışlarımın ailələrinə fikir verirəm, müşahidə edirəm ki, ana uşağa acıqlananda, onu tənbeh edəndə, ata gəlib müdaxilə edir və ərlə-arvad arasında söz-söhbət yaranır. Bizim ailədə uşağı döymək, ona əl qaldırmaq kimi xüsusiyyətlər yoxdur. Qızım nəyisə səhv edəndə mən yavaşca onun əlinə vururam, ya acıqlanıram. Buna heç vaxt atası qarışmır. Çünki qız övladıdır. Mən istəmirəm ki, o, ərköyün böyüsün. Bu gün qızını döyməyən sabah dizini döyər.
- Kamil: Bir dəfə Gülay qızımıza acıqlandı. O, üstümə qaçıb ağladı. Mənə pis təsir etdi. Gülay dedi ki, onu müdafiə etmə, qoy ərköyün böyüməsin. Ona görə də mən müdaxilə etməməyə çalışıram ki, övladımızın tərbiyəsi ilə anası özü məşğul olsun.
- Məşhur ailə olmaq necə hissdir?
- Gülay: Yaxşı hissdir, amma çox çətindir. Demək olar ki, hər gün birlikdə harasa gedib-gəlirik. Kimisə nəsə söz deyir, kimisə nəfis ötürür.
- Kamil: Bu çox gözəl hissdir. Amma əsas şərt o məşhurluğu qoruyub saxlamaq, ona kölgə salmamaqdır.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az