“Məşhur ailə” rubrikasının üçüncü qonağı Günel və Tunar Zeynalovlar oldu.
Oxu.Az İnformasiya Agentliyi istedadlı bacı və qardaşın maraqlı söhbətlərini və söhbət əsnasında çəkilən fotolarını sizə təqdim edir:
- Ailənizin bütün üzvləri demək olar ki, məşhur insanlardır. Hətta nişanlınız İnanc bəy də kifayət qədər tanınır. Yalnız bacınız Müşərrəf xanım mediadan uzaqdır. Onun da səsi var?
- Mən musiqiçi ailəsində böyümüşəm. Atam klarnet ifaçısı, anam pianoçudur. Qardaşımla mənim kimi bacımız Müşərrəfin də səsi var. Amma o evdə züm-zümə edir (gülür). Bizim kimi müğənni olmaq istəmir. Onun bir oğul övladı var. Vaxtını səhnədə deyil, övladı ilə keçirmək istəyir.
- Toyunuzun tarixi bəllidir?
- Yaxın zamanlarda münasibətlərimizi rəsmiləşdirəcəyik. Sənətlə bağlı yeniliklərim var, o işlərimi bitirən kimi yəqin ki, inşallah toy olacaq.
Onu da qeyd edim ki, toyda media nümayəndələri üçün xüsusi masa ayrılacaq. Mən əksər məşhurlar kimi mediaya qadağa qoymayacağam. Kim istəsə, toyumda iştirak edə bilər. Toy həm Türkiyə, həm də Azərbaycanda olacaq.
- Ailə qurandan sonra sənətə davam edəcəksiniz?
- Bəli, Allah xeyirlisini nəsib eləsin. Səhnə, musiqi mənim həyatımdır.
- Burada bütün umu-küsülülərlə barışmısınız?
- Mən çalışıram ki, hamıyla münasibətim normal olsun. Amma arada çox incikliklər oldu. Bilmirəm niyə belədir? Mən orada Azərbaycanı təmsil edirəm. Mənimlə belə söz-söhbət yaradanda mən çox inciyirəm. Mən onlardan kiçiyəm. Çalışıram ki, hamının hörmətini saxlayım. Türkiyədə hər kəs mənim ağlımdan, tərbiyəmdən danışır. Bura gələndə isə bu söz-söhbətlər mənə pis təsir edir.
- Müğənnilərimizin bir ayağı Azərbaycanda, bir ayağı Türkiyədədir. Orada yerli müğənnilərimizdən kiminlə dostluq edirsiniz?
- Yalnız İradə İbrahimova ilə. Yeri gəlmişkən, o da yeni mahnı üzərində çalışır. Yaxın zamanlarda partlayış edəcək. Əminəm ki, mahnı çox seviləcək.
- Türkiyəyə nə zaman geri dönməyi planlaşdırırsınız?
- Yanvarın 30-da İstanbula gedirəm. İnşallah, mart ayında vətənə geri dönəcəm. Sizə mətbuat konfransında da söyləmişdim. Martda Qarabağın Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan bölgələrində 12 günlük təmənnasız konsert verəcəyəm.
- İbrahim Tatlıseslə münasibətləriniz necədir?
- Hər şey əladır, görüşürük. Mən, hətta İbrahim bəydən çox onun eks həyat yoldaşı Dərya Tuna ilə tez-tez görüşüb, dərdləşirəm. Bizim gözəl münasibətimiz var. Mən Dərya xanımı çox sevirəm. Biz gec-gec görüşəndə, hətta mən onun üçün darıxıram.
- Tunar bəy, yeni mahnı yaxud bacınız Günel xanımla duet gözlənilir?
- Əlbəttə. Hər ikimiz yeni mahnılar üzərində çalışırıq. Günel xanımla duetimiz də olacaq. Duet şəklində ifa edəcəyimiz mahnının musiqisi və aranjimanı mənə məxsusdur.
- Günel xanım, yeni albom üzərində çalışırsınız?
- 6 ildir ki, albom çıxarmaq istəyirəm. İnşallah, bu il may ayında uzun illərdir həm mənim, həm də sevənlərimin gözlədiyi albomumu təqdim edəcəyəm.
- Məşhur ailə olmaq necə hissdir?
- Möhtəşəm duyğudur. Allah arzusunda olanlara qismət eləsin.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az