Tez-tez vergidən yayınmaları ilə gündəmə gələn şou-biznes əhli vaxtlı-vaxtında dövlətə vergi ödədiklərini iddia edirlər.
Oxu.Az Qafqazinfo-nun bir neçə müğənni arasında apardığı kiçik sorğunu sizə təqdim edir:
Xatirə İslam: “Mən heç vaxt toy qiymətimi deməmişəm, pul haqda danışmaq tərbiyəsizlikdir. Vergini vaxtlı-vaxtnda ödəyirəm. Qiymət açıqlaya bilmərəm. Xarici sənətçilər vergi pulunu açıqlayır. Bizdə də bu ənənə yaransa, mən də ödədiyim verginin miqdarını açıqlayacam”.
“Şeron” qrupunun üzvü Ülvi: “Vergini vaxtlı-vaxtında ödəyirəm. Qazandığımız məbləğə uyğun vergi ödəyirik. Bütöv toyu 4 min manata idarə edirik”.
Nüşabə Ələsgərli: “Təbii ki, vergini vaxtında ödəyirəm. Vergi elə bir şeydir ki, onu camaata açıqlamaq olmur. Ona görə məbləği açıqlaya bilmərəm. 2014-cü il üçün toy qiymətini qaldırmışam. Bütöv toyu 7 min manata aparıram, yarım saat üçün 2500 qonorar alıram”.
Rəqsanə İsmayılova: “Həm Azərbaycanda, həm də Rusiyada ən çox el şənliklərinə dəvət olunan sənətçilərdənəm. Yarım saat üçün toy sahibi mənə 3500 manat ödəyir. Vergi ödəmək hər bir vətəndaşın borcudur. Vaxtında vergimi ödəyirəm. Məbləğ açıqlaya bilmərəm, vergi işlərimlə prodüserim məşğul olur”.
İradə İbrahimova: Türkiyədə yaşadığım üçün Azərbaycanda çox toyda iştirak edə bilmirəm. Toy sahibi yarım saat üçün 3 min, bütöv toy üçün 10 min manat ödəyir”.
Özünü Nadir Qafarzadənin köməkçisi kimi təqdim edən şəxs isə müğənninin toylarının sayının azaldığını bildirib: “O qədər dedilər ki, Nadir ən çox toya gedən müğənnidir, göz dəydi. Daha toy yoxdur, Nadir bəy ayda bir-iki toya gedir. Toya hansı qiymətə getdiyini açıqlaya bilmərəm, gərək özündən soruşum. Vergiləri isə vaxtında lazımi qədər ödəyir.
Gənc müğənni Yaşar Cəlilov: “Biz vergini hər üç aydan bir ödəyirik. Gəlir hesablanır, ona uyğun nə ödəmək lazımdırsa, ödəyirik. Həmçinin Dövlət Sosial Müdafiə fonduna da ödəniş edirik. Vergi ilə bağlı heç bir problemimiz yoxdur, bütün sənədlərimiz, ödəməmiz qaydasındadır. Bütöv toy üçün 4 min, yarım saat üçün min iki yüz manat qonorar alıram”.