Əməkdar artist Rəmişin (Rafiq Hüseynov) dünyasını dəyişən reper Hüseyn Dərya haqqında danışarkən “şou-biznesin 99%-i narkotik istifadəçisidir” deməsi məşhurların ciddi narazılığına səbəb olub.
Oxu.Az Gün.Az-a istinadla bildirir ki, Əli Mirəliyev Rəmişin söylədiklərinin ciddi ittiham olduğunu deyib.
“Rəmiş mənim dostum-qardaşımdır. Cavanlığımız bir yerdə keçib. Rəmiş elə deyir. Amma mənim şəxsən xəbərim yoxdur. Söhbət bugünkü şou-biznesdən gedirsə, mən onlarla oturub-durmuram. Kimin narkotik istifadəçisi olduğunu isə bilmirəm.
Hətta bilsəm də belə, bunu dilimə gətirib danışmaram. Kimsə efirə çıxıb kefli oxuyursa, mən bunu hiss edirəm, başa düşürəm, başı dumanlıdır. Amma belə şeyləri danışmaq düzgün deyil. Kiminsə şəxsi həyatına qarışmaq yaxşı deyil. Hər kəs özü bilər” - deyə, Ə.Mirəliyev söyləyib.
Opera müğənnisi Ülvi Qılınc isə daha sərt danışıb.
“Yerli şou-biznesdə kim nə yeyir, nə içir, neyləyir, bilmirəm. Amma mən dəqiq o işlə məşğul deyiləm. Ona görə də ümumi danışmaq lazım deyil.
Narkotik maddələrdən istifadə edənləri xəstə insanlar kimi qəbul edirəm. Mən başa düşə bilmirəm ki, Rəmiş müəllim bunu hansı cihazla müəyyən edir? Nəyə əsaslanıb belə deyir? Məncə insan ümumi danışmaz. Kim nə edirsə, özü üçün edir.
Məncə, hər kəs özünü düşünüb danışır. Özünü düşünüb danışanlar, əvvəlcə özlərinə baxsınlar ki, hansı işlərlə məşğuldurlar. Kiminsə narkotik maddələrdən asılı olduğunu yalnız həkim müəyyən edə bilər. Müğənnilər təcrübə siçanı deyil, bir yerə yığasan, deyəsən ki, bunlar narkomandır. Rəmişin bu ittihamı çox gülməlidir” - Ülvi Qılınc deyib.