Əsl adı Sibel Cangüre olan bu gözəl xanım 1 avqust, 1970-ci ildə Türkiyənin Fatih Karagümrük vilayətində dünyaya gəlib.
Oxu.Az xəbər verir ki, atası Yuqoslaviya qaçqını- müsəlman serb əsilli Engin Cangüre bir çox məşhur solistləri müşaiət edən kaman ifaçısı olub. Anası isə Bursa Mudanyalı qaraçı əsilli Əminə Gül Sezər adlı xanımdır.
Sibel Can ailənin ilk övladıdır. Hələ kiçik yaşlarından balaca Sibel atası ilə bərabər həm öz vətənində, həm də əcnəbi ökələrədə musiqi səfərlərində olarkən səhnədə rəqs edərdi. 13 yaşında ikən gələn təkliflə Viyanada oriental rəqqasə kimi səhnəyə çıxmağa başladı. “Qalata Qülləsi” və “Astorya” adlı klublarda səhnəyə cıxan sənətçini Nükhet Duru görüb bəyənir və Fəxrəddin Arslana tövsiyəsilə bir anda bu yeniyetmə qızcığazın həyatı dəyişir.

1987-ci ildə “Maksim” kazinosunda oriental rəqqasə kimi səhnəyə cıxır. Sibel Canın yaşının az olmasına görə çalışdığı kazinonun bağlanmaması üçün Fəxrəddin Arslan məhkəmədə Sibelin yaşını 6 yaş artırır.

Sibel Can həmin kazinoda Muazzez Abacı, Nəşə Karaböcek və Əməl Sayın kimi məşhur şəxslərlə çalışır. Daha sonra elə həmin məkanda mügənni kimi fəaliyyətə başlayır.
1987-ci ildə “Kervan Plak”dan ilk albomu olan "Günah Bizə" albomunu çıxarır.

Bu albomun işıq üzü görməsində Orxan Gəncəbayın xanım sənətçiyə böyük dəstəyi olub. Albom qısa zamanda satış rekordları qırır.
1988-ci ildə o zamanların məşhur adlarından olan Hakan Ural ilə Zərrin Özərin evində gizli ailə həyatı qurur. Bu evlilikdən Əngincan və Melisa adında iki övladı dünyaya gəlir.

Demək olar ki, hər il bir albom çıxaran Sibel Can 1995-ci ildə “Raks Müzik” şirkətilə calışmağa başlayır.
1997-ci ildə “Bu Devirdə” adlı doqquzuncu albomunu sevənlərinə təqdim edir. Albomda sözlərini Sərdar Ortaçın yazdığı “Padişah” adlı mahnısı ilə bütün mahnı hit paradlarını alt-üst edir.

Bu albomu ilə böyük uğur qazanan sənətçi bu mahnıya Tayfun Dinçərin rejissorluğu ilə klip çəkdirir. Böyük yüksəliş edən müğənni 1999-cu ildə Hakan Uraldan ayrılır. Həmin il Sulhi Aksüt ilə ailə qurur və bu evlilikdən Emir adlı oğlunu dünyaya gətirir.
2000-ci ildə çıxardığı "İşte Sibel Can, işte Türk Sanat Müziği" adlı albomu ilə yaradıcılığında yeni bir dövrə addım atır. 2001-ci ildən bəri ”Emre Plak” şirkəti ilə işləyən sənətçi 2007-ci ildə "Akşam Sefası" adlı albomunu çıxarır. Bu albomdakı “Çakmak Çakmak” adlı sinqlla böyük uğur qazanır.
2009-cu ildə “Benim Adım Aşk” adlı albom çıxaran Sibel Canın 2011-ci ildə "Səyyah" adlı albomu işıq üzü görür. Albomdaki “Hançer” adlı mahnısı tamaşaçı auditoriyasını daha da artırır.
2012-ci ilin aprel ayında “Meşk” adlı albomunu sevənlərinə təqdim edir.2014-cü ildə isə “Galata” adlı 20-ci albomu işıq üzü görür.

Sibel Can rol aldığı bir çox seriallar və filmləri ilə də sevənlərini ürəyini fəth etməyi bacarır. Bunlardan "Kaldırım Çiçeği", "Gülüm", "Bize Ne Oldu?" və "Berivan" kimi serialların adını çəkmək olar.

Aytən Sadıqzadə
www.oxu.az