On min nəfərin müraciətindən seçilən 33 gənc qızın arasından İtalyanın ən gözəl qadını (“Miss İtalia”) adına layiq görülən Alice Sabatini verdiyi açıqlamalarla gündəmə gəlib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “La 7” kanalında keçirilən yarışmada tamaşaçıların daha yaxşı tanıması üçün Sabatiniyə bəzi suallar ünvanlanıb.
“Hansı dövrdə yaşamaq istərdin?” sualına gənc qız “İkinci Dünya Müharibəsini yaşamaq üçün 1942-ci ildə doğulmaq istərdim. Bu müharibə haqqında kitablar yazılıb, anamın nənəsi də o zamanlardan bizə danışardı, ancaq mən onu həqiqətən yaşamaq istərdim. Onsuz da qadın olduğum üçün əsgərliyə getmək məcburiyyətində deyiləm və qorxmazdım”,- deyə cavab verib.
Bu açıqlama İtaliyada o gecənin ən çox danışılan mövzusuna çevrilib.
Twitter istifadəçiləri ölkənin yeni gözəlinə ““Miss İtalia” İkinci Dünya Müharibəsi dövründə yaşamaq istədiyini söyləyir. İndi haradadır “dünyada sülh istəyirəm” deyən köhnə gözəllər”,-deyə şərhlər yazıblar.
Digər Twitter istifadəçilərinin isə “Müharibə görmək istəyən “Miss İtalia” özünü deyil, kasıb və səfil İtaliyanı əks etdirir”,“Bir ölkənin portreti budur. Necə də kədərli haldır”, ““Miss İtalia”ya bunu söyləmək istəyirəm: bu gün Əfqanıstanda da döyüş var və qadınlar döyüşmür. Get, oraya” kimi mesajları da diqqət çəkib.
Qeyd edək ki, yarışmadan 10 min avroluq təhsil haqqı qazanan Alice Sabatini “Sampdoria” klubunun sahibi, prodüser Massimo Ferrero-nun şirkətinin çəkəcəyi bir filmdə aktyorluq kursu haqqını da qazanıb.
Onu da nəzərinizə çatdırırq ki, 25 ildir hər sentyabr ayında İtaliya Gözəllik Müsabiqəsinin yayımlandığı dövlət kanalı “RAİ”, yarıçılpaq şəkildə ekranda görünən qadınların bu şəkildə təmsil edilməsindən narahatlıq duyan bəzi qurumların həssaslığını nəzərə alaraq 2 il əvvəl yarışmanı yayınlamamaq qərarı almışdı.
Bundan sonra özəl televizya kanalı olan “La 7” müsabiqəni yayımlamağa başlamışdı.
Məlumat üçün bildirirk ki, Mərakeş əsilli italyan model Ahlam El Brinis də bu ilki yarışmada iştirak edən gözəllər arasında idi.
Bikini və alt paltarlarıyla verdiyi pozalar səbəbindən islam dininin adını pisə çıxarmaqla ittiham edilən və təhdidlər alan 20 yaşındakı model “İlk müsəlman Miss İtalia” adına sahib olmağı xəyal edirdi. Ancaq Şimali Afrikalı gözəl yarışmada yer tuta bilməyib.
Aytən Sadıqzadə
www.oxu.az