“Space” kanalına Şuranın sonuncu xəbərdarlığından sonra hələ ki, “Məhəbbət əhvalatları” verilişi proqramdan çıxarılıb. Əslində həmin veriliş tamaşaçılarda öz bayağılığı ilə ciddi qıcıq doğururdu.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Təvəkkül Dadaşov deyib.
“Verilişdə qonaq qismində adətən şou-biznes nümayəndələri iştirak edir və onlar yaşadıqları sevgi-məhəbbət tarixçələri barədə aparıcı tərəfindən sorğu-sual olunurdu. Bu zaman isə aparıcının verdiyi suallarda, onun davranışlarında, mimikasında ciddi şəkildə bayağılıq özünü büruzə verirdi.
Həmçinin aparıcı verdiyi suallarla hər vəchlə qonaqlarının şəxsi sirrlərini açıq şəkildə ifadə etməsinə təhrik edirdi. Bu hallar isə teleradio yayımının əsas prinsiplərinə ziddir.
Belə ki, “Televiziya və radio yayımı haqqında” qanunun 3-cü maddəsində əksini tapmış teleradio fəaliyyətinin əsas prinsiplərinə görə, yayımçı öz fəaliyyətində insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinə əsaslanmalıdır.
Verilişin bir neçə buraxılışında aparıcı tərəfindən qonağa aşağıdakı məzmunda suallar ünvanlanıb:
23 dekabr 2015-ci il tarixli buraxılışda qonaq olan müğənni Nazəninə aparıcının verdiyi suallar:
- Həyat yoldaşınız sizə acıq vermək üçün başqa səhnə xanımları ilə sizə xəyanət edirdimi?
- Bu 14 ildə həyat yoldaşınız sizə qəsdən xəyanət edirdi ki, siz biləsiniz?
- “Ay ürəyim” mahnısı 14 ildə çəkdiklərinizin mahnısıdırmı?
- Gecə ürəyin ağrıyanda harayına gələn varmı?
Məlum iclasdan sonra “Sevimli şou” verilişində isə yenə də əvvəlki kimi ciddi incəsənət xadimlərinin deyil, əsasən toy biznesi ilə məşğul olan müğənnilərin yer aldığı və beləliklə də, verilişdə əsasən toyxana mahnılarına üstünlük verilməsi tendensiyası diqqəti cəlb edir.
Bundan başqa, sponsor reklamları ilə bağlı da ciddi qüsurlar aşkar edilib.
Ümumiyyətlə, bu tipli verilişlərdə qanunvericiliyin tələblərinin pozulması ilə bərabər, aparıcının davranışları, studiyadakı əhval-ruhiyyə geniş tamaşaçı auditoriyasının ciddi narahanlığına səbəb olur.
Kanala bu verilişlərlə bağlı ictimaiyyət tərəfindən dəfələrlə ismarıclar verilsə də, nədənsə ciddi dəyişiklik hiss olunmur. Musiqili-əyləncəli şouların olması problem deyil, sadəcə bu verilişə mütəmadi olaraq eyni toy bazarının iştirakçılarının dəvət olunması, verilişin toy əhval-ruhiyyəsində tərtib olunması və üstəlik buna 2 saat yarımlıq qızıl kimi efir vaxtının ayrılması başadüşülən deyil”.
Aytən Sadıqzadə
www.oxu.az