Müğənni Tacir Şahmalıoğlu və müəllimi “Qarabağ bülbülləri” qrupunun rəhbəri Murad Rzayev arasında qalmaqal yaşanıb.
Oxu.Az xəbər verir ki, ATV kanalında yayımlanan “Düz Üzünə” verilişindən sonra müəllimlə tələbə arasında rəsmən soyuq savaş başlayıb.
Belə ki, Tacir Şahmalıoğlu ustadı Murad Rzayevə “yalançı” deyib. Səbəb isə “Bayatı-Şiraz”ın kimə məxsus olmasındadır. Ustadın sübut kimi göstərdiyi Arzu Fərhadov da ustadın yalan dediyini açıqlayıb.
M.Rzayev verilişdə tələbəsi Tacir Şahmalıoğlu haqqında bunları söyləyib:
“Məni ən çox incidən, çox istədiyim tələbələrimdən biri də odur. Əlindən tutub böyütdüyüm tələbəm mənə qarşı çıxıb. Öz tələbəm Tacir yalandan deyir ki, “Bayatı-Şiraz”ı mən improvizə etmişəm. O vaxt Bakıya gəlirdik, avtobusda bu bəstəni zümzümə etdim. Tacir eşidib dedi ki, olar mən oxuyum? Oxudu, gördüm onda yaxşı alınır. 7 yaşında uşaq “Bayatı-Şirazı” hardan bilirdi ki, ona aid də olsun? Ondan soruşun ki, 10 yaşında Bethoveni tanıyırdın? Yalan deyirsə, Mir Mövsüm Ağanın cəddi ona qənim olsun. Bunu sübut edəcəm. Ona heç bir zəhmətimi halal etmirəm”.
T.Şahmalıoğlu isə müəlliminin yalan danışdığını bildirib:
“Murad müəllim yalandan deyir ki, bu mahnını bəstələmişəm. Ağsaqqal adamsan, niyə yalan danışırsan? Bu yalanı onun yaşlı olması ilə əlaqələndirirəm. Murad Rzayev mənim 12 yaşıma qədər müəllimim olub. Ondan əvvəl mənim ilk müəllimim qardaşım olub. Məni ilk dəfə səhnəyə çıxardan qardaşım Yolçu müəllim olub. Mən ilk dəfə 6 yaşımda neçə milyon əhali qarşısında “Qarabağ şikəstəsi ” oxumuşam.
Əgər Murad müəllim bəstəkardırsa, getsin buna oxşayan başqa bir mahnı yazsın. Onun halallığı mənə lazım deyil. İstəməzdim müəllimim 9 milyon əhaliyə yalançı kimi tanınsın. Çünki mənim faktlarım var”.