Məşhur duet ortaqları Pərviz Bülbülə ilə Türkan Vəlizadəni həmkarları oxuduqları bayağı mahnılara görə tənqid atəşinə tutublar.
Oxu.Az xəbər verir ki, müğənnilər Nadir Qafarzadə, Səidə Sultan və meyxanaçı Vüqar Əbdülov “Xəzər” TV-də yayımlanan “Ay Zaur” axşam şousunda müxbirin “Pərviz və Türkanın ifalarını dinləyirsiniz?” sualına sərt şəkildə reaksiya bildiriblər:
“Acıqlarına gəlməsin, amma mən, ümumiyyətlə, o janra qulaq asmıram. Orada musiqi deyilən bir şey yoxdur. Zövqümə uyğun deyil. Pərviz dostumdur, ümid edirəm ki, sözlərimdən inciməz. Türkan zamanında mənim yanımda toylara gedib (qız oxuyanım olub).
Düşünürəm ki, heç onlar özləri də bu kimi mahnıları ifa etməyi istəmirlər. Maddiyyat ucbatından belə mahnıları oxuyurlar”, - Nadir Qafarzadə bildirib.
Səidə Sultan qeyd edib ki, belə mahnılar ona “parodiya” kimi gəlir:
“Elə musiqilərə lağ obyekti kimi baxıram. “Parazit” oxuyanlara görə musiqimiz zay olub. Hamı populyar olmaq, “qurbağa-qurbağa” mahnılarla “partlatmaq” istəyir”.
“Bu musiqilər “parodiya”ya oxşayır. Bollivud, İran musiqilərinə bir “parodiya”dır”, - deyə meyxanaçı Vüqar Əbdulov əlavə edib.
Həmkarlarının tənqidi ilə üzləşən Pərviz Bülbülə onların səsləndirdiyi ittihamlara belə münasibət nümayiş etdirib:
“Nadir mənə necə qulaq assın? Heç mən “yetim” onu dinləməyə vaxt tapa bilmirəm. Amma toyda qarşılaşanda “salam-sağol”umuz olur.
Səidə əla qızdır, dostumuzdur. Səidə niyə elə danışır ki? O, bu yaxınlarda “Gülü güldanda görən ağlasın” adlı meyxana oxuyub. Hamımız bazardayıq da... Kim bazardan kənardadır ki?”
Eşitdiklərindən üz ifadəsi 180 dərəcə dəyişən Türkan Vəlizadə nə deyəcəyini bilməyib:
“Nadir Qafarzadə, Elton Hüseynəliyevlə birgə toylara getmişəm. Bizim dostlarımızdır. Amma burada irad bildirməli bir şey yoxdur.
Duet ortaqlarının açıqlamalarından təəccübünü gizlədə bilməyən proqramın aparıcısı Zaur Kamal isə Pərvizlə Türkanı efirdə saxtakarlıqda və ikiüzlülükdə günahlandırıb:
“Niyə rola girirsiniz ki? Anlamıram. Süjeti izləyəndə başqa sözlər deyirdiniz, indi isə başqa şeylər danışırsınız. Vallah, mən şokdayam”.
Müğənnilər Pərvizlə Türkanı yıxıb-sürüdülər: “Parazit” oxuyanlara görə musiqimiz zay olub” - VİDEO
Rəşad Əliyev
Rəylər