“Oğlum mənə deyir ki, səninlə küçəyə çıxmaq istəmirəm. Elə düşünəcəklər ki, sənin atanam. Balaca oğlum Əzizin 24 yaşı var, amma daha böyük görünür”.
Oxu.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Nadir Qafarzadə “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda söyləyib.
Övladlarından söz açan sənətçi onların ailə qurmaq planları barədə bunları bildirib:
“Çətin zamanda yaşayırıq. Sağlam, tərbiyəli, yaxşı gənclərimiz var. Fərq etməz, qızını, ya da oğlunu evləndirəndə qarşı tərəfin ailəsini mütləq yaxşı tanımalısan. Ailə sağlam və savadlı olmalıdır. Gəlinimin təhsilli olmasını istəyirəm. O, ilk növbədə özü üçün savadlı olmalıdır. Təhsilsiz insan özünə qapanmış olur, dünyaya baxışı başqa cür olur... Savadlısansa, deməli, güclüsən.
Hər iki oğlum Avropa təhsilli və mədəniyyəti görüb. Gəlinim Avropa təhsilli olmasa da, ən azı orta məktəbi bitirməlidir. Getdiyi yerdə özünü aparmağı bacarmalıdır, nitq qabiliyyəti olmalıdır”.
Verilişin aparıcısı Zaur Kamalın “Hansı oğlun üzünə ağ olur?” sualına N.Qafarzadə “Ağ olmur, amma şıltaqlığı var” söyləyib və fikirlərini belə davam etdirib:
“Böyük oğlum Loğman deyir ki, ata, sən mənim üçün nə etmisən? Sual verəndə ki, bəs bunları sənin üçün kim edib, “eləməlisən də...” cavabını verir. Əslində, etməli deyilik, çünki heç kimin heç kimə borcu yoxdur.
Deyəndə ki, mənim üçün heç kim heç nə etməyib, deyir sən gör, kimin oğlu olmusan, mən gör, kimin oğluyam. Bu zaman susuram. Allah o gündən saxlasın ki, övladlarımız üzümüzə qayıtsın. Əgər uşaq valideynin üzünə qayıdırsa, çörək tapmayacaq. Valideynləri biz seçmirik. Həyat bumeranqdır - ananın, atanın üzünə ağ olsan, mütləq sənə geri dönəcək”.
Qeyd edək ki, N.Qafarzadə Sevinc adlı xanımla evlidir. Cütlüyün Loğman və Əziz adlı oğulları var.
Rəşad Əliyev