Bəstəkar-müğənni Hacı Nazim Məmmədov televiziya verilişlərinə dəvət olunmadığından şikayətlənib.
Oxu.Az xəbər verir ki, məşhur sosial şəbəkədə aparıcılara müraciət edib:
“Salam. Şəkildə gördüyünüz bu insanlarla ünsiyyətim çox əladır. Beynimdə olan bəzi suallara cavab tapmaq üçün sizin köməyinizə ehtiyacım var. Mən 12 yaşımdan səhnələrdəyəm. Mərhum ulu öndərin dəfələrlə xeyir-duasını almışam. Faiq Ağayev mənimlə razılaşar ki, 1997-1998-ci illərdə şou-biznes anlayışı yox idi. Yalnız peşəkar səhnə vardı.
Mən oxuduğum illərdə AzTV və ANS fəaliyyət göstərirdi. Space daha yeni açılmışdı. Yəni, mən o gündən indiyədək ulduz ola bilərdim. Təbii ki, əgər istəsəydim. Yəni efir xəstəliyim yoxdur. Sosial şəbəkələrdə efirə çıxmağımı istəyənlər, az görünməyimdən şikayətlənənlər də var. Bu yazdıqlarım efirə çıxmaqla bağlı yox, niyə çıxmamağımla əlaqədardır.
Məsələn, bu günə qədər bir dəfə də olsun İctimai kanalda qonaq olmamışam. Halbuki, orada da dostlarım çoxdur. AzTV-də ən son uşaqlıq illərimdə çıxışlarım olub. ATV-də ürəkdən görüşdüyüm dostlarımın verilişlərinə bir dəfə də olsun çağırılmamışam. Lider TV-də mənə ən yaxın guya Könül Kərimovadır. Onun da verilişinə nə vaxt baxırsan, ilk dəfə gördüyüm insanlar olur. Sağolsun Sərxan Kərəmoğlu bir dəfə dəvət etdi.
Dostum, həmkarım Murad Arif həmişə soruşur ki, nə vaxt oxuyacaqsan? ANS-də dostum Elnarə və Turanın verilişinə qonaq olmuşam. Space-in harada yerləşdiyi yadımdan çıxıb. Mənə ən çox diqqət yetirən Xəzər TV, Lider-dən AZ production və Rəhim Rəhimli olub. Təşəkkür.
Deməli, burada aparıcıların deyil, səhnəarxası insanların əməyi görsənir. Əgər yaradıcı insanı öz əsərləri və ifasıyla efirlərə çağırırlarsa, Allah təkəbbürlüyə yazmasın əlimdə hitim çoxdu. İfa etdiyim mahnılar da özümdən yaşda və sənətdə böyük bəstəkarlardandı.
Bəs səbəb nədi? Bəlkə mən də Əli Mirəliyev kimi çıxım gördüyüm hər şeyi danışım? Məndə bilirsiniz nə sirlər yatır? Səbəbi tapmaqda yardımçı olun”.
Aytən Sadıqzadə
www.oxu.az