Türkiyədə baş verən mədən faciəsi ilə bağlı yenilənən xəbərləri mütəmadi olaraq sizə təqdim edirik.
Oxu.Az xəbər verir ki, faciə qurbanlarının ailələrinə kömək məqsədilə Türkiyənin bir çox tanınmış simaları, eyni zamanda azərbaycanlı deputatlar da yardım kampaniyasına qoşulublar. Onların arasında xalq artisti Nisə Qasımova da var. Bu barədə Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova Facebook profilində məlumat verib:
“Dünən axşam respublikanın xalq artisti, gözəl müğənnimiz Nisə Xanım Qasımova məni arayıb millət vəkili Qənirə Paşayevanın Somada kömür mədənlərində baş verən faciədə zərərçəkmişlərin ailələrinə yardımla bağlı çağırışına qoşulmaq istədiyini dedi.
Qəlbim kövrəldi. Nisə xanım o qədər də zəngin maddi durumda deyil, amma istəkli müğənni bacımın bu daxili zənginliyi qoy gündə bir maşın, bir ev dəyişən və bununla gündəmə gələn şou əhlinə əsl örnək olsun”.
