Müğənni Samir Cavadzadə Nura Surinin onun barəsində dediyi fikirlərə cavab verib.
Oxu.Az xəbər verir ki, S.Cavadzadə həmkarının adını çəkmədən barəsində sosial şəbəkədə status yazıb:
“Sizcə, onun mənim barəmdə dediyi sözlər düzgün ifadədir? Deyir ki, Samir heç anasına zəng vurmur. Onun bu açıqlamasından sonra anam mənə zəng etdi və dedi ki, bu, niyə belə danışır? Dedim ki, keçmişdə öz əməllərinə görə başına o qədər zərbələr vurublar ki, beyin qapağında çatları böyükdür. İndiyə qədər heç kim barəsində pis kəlmə işlətməmişəm, qalmaqaldan uzaq olmuşam.
Yalandan bir tərif edib, insanın arxasınca gülmək, antireklam etmək elə-belə deyil. Məqsədyönlüdür. Üzümə qarşı demisiniz ki, sən çıxsan, biz batacağıq. Bu sözlərə də gülüb, yan keçmişəm. Mən belə sözləri heç kimə deməmişəm. Mələk cildində efirə çıxıb, insanları dolamayın.
İllər boyu məni dost adlandırıb, antireklamımla məşğul olmusunuz. Məqsədiniz nədir? Mənə nə vermisiniz ki, ala da bilmirsiniz? Hər zaman sizə cavab verməmişəm, susmuşam. Susduqca həddinizi aşırsınız. Özünüz fikirləşin ki, mən sizdən niyə aralı gəzirəm? Guya mənə ərk edib söz deyir. Ərki evdə dədəniz üçün edin. Qeybə çəkilmiş həyatınızı yaşayın”.
Nura isə Samirin bu sözlərinə cavab olaraq “Burada yazılanlara aydınlıq gətir, anlasınlar ki, söhbət tək məndən getmir” yazıb.
Qeyd edək ki, N.Suri S.Cavadzadə barədə “ATV maqazin onlarla” verilişində bu sözləri demişdi:
“Səni elə yanasan. Onunla danışmıram. Bu dəfə də itib. Bu itmək o biri itməklərdən deyil. Mən də ona zəng etməyəcəm. Mənimlə münasibət saxlamamağının səbəbini bilmirəm. Səbəb olsaydı, bilərdim. Nigar Camalla dostluq etməyə başlayıb.
Allah məndən razı olsun. Onları mən tanış elədim. Ümumilikdə bu insanın xasiyyəti budur. Öz anasına, bacısına da zəng eləməyə bilər. Düşünürəm ki, bu insan belədir. Ya dəyişilməlidir, ya da artıq qəbul edə bilmirəm. O, mahnını oxumasa da, pıçıldasa, bəstə seviləcək. Sadəcə, tənbəldir”.

Pərviz Hüseyn
www.oxu.az