Sakit təbiətli biriyəm, təbii ki, yeri gələndə çılğınam, əylənməyi sevirəm. Amma ifalarım və tərzim sakit musiqilərdir, bu da təbiətimdən irəli gəlir.
Bu sözləri Oxu.Az-a müsahibəsində sosial şəbəkələr vasitəsilə məşhurlaşan müğənni Nuray Məhərov deyib.
– Son zamanlar sənətə yeni başlayan ifaçılar sakit qalmağı sevir. İstəyirlər ki, sənətdə sözünü demiş ifaçılar onları təkləsin və onlar cavab verməməklə xalqın gözündə ucalsınlar. Siz də bu strategiyadan istifadə edirsiniz?
– Elə ifaçılar var ki, sənəti yoxdur, ancaq xalqın sevdiyi ifaçıların üstündən reytinq qazanmaq istəyirlər. Mən o tipli müğənnilərdən deyiləm. Sənətimdə və yaradıcılığımda bu günədək heç bir qalmaqalda adım hallanmayıb. Belə yolla ucalmaq fikrim yoxdur.
– Böyük səhnəyə 2015-ci ildən gəlmisiniz...
– Əslində, 2013-cü ildən müğənniliyə başlamışam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olmuşam. Tanınmaya da bilərdim, bu gün də çox adam məni tanımır.
– Tanınmağınızda əsas rolu nə və ya kim oynayıb?
– Yeni müğənniliyə başlayanda sosial şəbəkələr populyarlaşırdı. “Instagram”da yetərincə baxış sayı və kütləm var idi deyə, telekanallar verilişlərə dəvət etməyə başladı. Beləliklə, daha çox tanındıq.

– Sizin yaşınızda olan həmkarlarınız var ki, sizin ifa tərzinizi qınayırlar. Bilmirəm, bu paxıllıqdan irəli gəlir, yaxud necə. Amma onlar bildirir ki, sizin mahnılarınız “ağlaşma tərzi”ndədir.
– Maraqlıdır ki, onlar mənim mahnılarımda hansı səviyyəsizliyi görüblər? “Ağlaşma tərzi”ndə oxumuram, öz janrım var. Bu yaxınlarda Halil Sezai ilə eyni səhnəni bölüşdüm. O, məndən də çox “ağlaşma tərzi”ndə oxuyan müğənnidir.
Niyə Halil gələndə onu alqışlayırlar, bizim müğənnimiz lirik mahnı ifa edəndə onu “ağlaşma tərzi” adlandırırlar? Bunları qavraya bilmirəm.
– Yeni ifaçılarda çatışmayan nüanslar hansılardır?
– İrad tutmağı bacarmırlar, tənqidlə təhqiri ayırd edə bilmirlər. Təbii ki, çoxuna şamil etmirəm. Ancaq paxıllıq, gözü götürməmək kimi nüanslar var. Kimisə bəyənməyə bilərəm, ancaq onu tənqid, yaxud təhqir etmirəm.
– Kimləri bəyənmirsiniz?
– Ad çəkmirəm. Sadəcə, oxuya bilməyənlər var ki, qalmaqalla gündəmdədirlər. Bunlar 2-3 aylıqdır, sonra yaddan çıxıb gedəcəklər.

– Şou-biznesdə sizi nə qane etmir?
– Məni qane etməyən həm şoudur, həm də biznes.
– Bəlkə, özünüz yaxşı gəlir əldə edə bilmirsiniz, ona görədir?
– Yox, deməzdim. Şoumuzda yetəri qədər professionallar yoxdur, biznesimizdə də onun kimi...
Bu gün hər bir müğənni biznesini toy üzərində qurur. Niyə bizdə müğənnilər klip, konsert və albom satışından pul qazana bilmir? Bunlar yetəri qədər inkişaf etməyib.
– Bunun günahı tamaşaçıdadır, yoxsa müğənnidə?
– Müğənnidə deyil. O layihələri maliyyələşdirən şirkətlər olmalıdır. Onlar da yoxdur. Hansısa şirkət müğənniyə sərmayə qoyub, onun üstündən pul qazanmalıdır.

– Sizə şirkət olmasa da, hansısa bir şəxs sponsorluq edib?
– Nə etmişəmsə, öz gücümə etmişəm. Təbii ki, dostlarımın da dəstəyi olub.
– Sizi digərlərindən nə fərqləndirir?
– Səsim, ifa tərzim.
– Kimə qibtə edib, onun kimi uğur qazanmaq istəyirsiniz?
– Kiçik yaşlarımdan türkiyəli müğənniləri dinləyərək onlardan bəhrələnmişəm. Sadəcə, onları təkrarlamamışam, özümünküləşdirərək insanlara çatdırmağa çalışmışam.
Pərviz Hüseyn
www.oxu.az