34 yaşlı “Oskar” mükafatlı ingilis aktyor Eddie Redmayne daltonik olduğunu ilk dəfə etiraf edib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, özünə xas geyim üslubu ilə bir çox moda tənqidçilərindən müsbət rəylər alan aktyor geyimlərində düzgün seçim edə bilmədiyini söyləyib. Redmayne bu səhvinin qarşısını almaq üçün həyat yoldaşı Hannah Bagshawe-in zövqü ilə geyindiyini vurğulayıb.

O, “həyat yoldaşım eyni zamanda möhtəşəm stilistdir” deyib.
Qeyd edək ki, Eddie Redmayne ötən il Stephen Hawking obrazını canlandırdığı “The Theory of Everything” (“Hər şeyin nəzəriyyəsi”) filmi ilə “Ən yaxşı kişi aktyor” kateqoriyasında “Oskar” mükafatı almışdı.

Məlumat üçün bildirək ki, daltonizm — göz xəstəliyidir. Xəstəliyə səbəb göz arxasında yerləşən rəng detektorundakı hüceyrələrdə yerləşən konusların içərisindəki 3 piqmentin (qırmızı, yaşıl və mavi) hər hansı birinin və ya hər üçünün az olması yaxud da heç olmamasıdır. İrsən keçən xəstəlikdir.

İlk dəfə olaraq 1798-ci ildə ingilis Con Dalton adlı bir kişidə rast gəlinən və sonradan onun adı ilə adlandırılan daltonizm bəzi insanların qırmızı və yaşıl rəngi seçə bilməməsidir. Daltoniklər qırmızı, yaşıl və mavi rəngi boz rəngdə görürlər.