Mayın 29-u Heydər Əliyev Sarayında fransız musiqisinin şanson kraliçası Patrisia Kaas konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az xəbər verir ki, 27 mayda Bakıya gələn məşhur ötən gün KİV nümayəndələri ilə görüşüb. Müğənninin bu konserti onun Qafqaz ölkələrinə “Kaas Chante Piaf” adlı turu çərçivəsində baş tutacaq. Onun bu səfəri məşhur fransız ulduzu Edith Piaf-ın ölümünün 50 illik xatirəsinə həsr olunub.
Media nümayəndələrini salamlayan Kaas Bakı haqqında təəssüratlarını da bölüşdü:
“Mən Bakıya ilk dəfə 6 il bundan əvvəl gəlmişəm. İndiki Bakı məni müsbət mənada təəccübləndirdi. Bu illər ərzində şəhəriniz çox inkişaf edib və dəyişib.
Azərbaycanda növbəti dəfə konsert verəcəyim üçün çox şadam. Bu konsertimi Edith Piaf-ın ölümünün 50 illik xatirəsinə həsr etmişəm. Onun həyatında bir neçə dəfə faciə baş verib, mən bunu sabahkı konsertimdə səhnələşdirəcəm”.
Media nümayəndələrinin suallarını cavablandıran Kaas qeyd etdi ki, Azərbaycan incəsənətinin müasir və klassik ifaçılarından heç kimi tanımır. Lakin o yerli müğənnilərdən kiminləsə tanış olarsa, nə vaxtsa yeni layihə də hazırlaya bilər:
“Heç vaxt, heç vaxt demə. Ola bilsin ki, bu sahənin istedadlı insanlarından kiminləsə tanış olaram, hətta Bakıda klip də çəkdirərəm”.
Müğənninin kaprizlərinə gəlincə isə o, minimum şəkildə komfort tələb edir. Konsertin təşkilatçılarından yalnız çay, limon və bal istəyib. Patrisia Kaas hətta necə gözəl qalmasının sirrini də açıqladı:
“Belə gözəl olmağıma görə anama minnətdaram. Çox yemək yeməyi sevmirəm. Konsert səfərlərinə çıxmazdan 2 ay əvvəl məşqçimlə idmanla məşğul oluram”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az