Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
QaraQan: Mən hər yerdə özümü yadplanetli kimi hiss edirəm – Foto
Oxu.Az İnformasiya Agentliyi sizə QaraQanın eksklüziv müsahibəsini təqdim edir:
- Avropadan bu yaxınlarda qayıtmısınız. Bu səfər nə ilə bağlı idi?
- Növbəti yeni kitab yazıram. Həmin kitabda Avropanın bir neçə məbədlərindən söz açılır. Bununla bağlı getmişdim. Bu, trilogiyadır, “Üç addım” adlanır. “Birinci addım” çapdan çıxıb, indi yazdığım isə “İkinci addım”dır. Kitab insan həyatı, həyata baxış və dəyərlər haqqındadır.
- Konsert verməyi planlaşdırırsınız?
- Mart ayında Bakıda konsert verməyə hazırlaşıram.
Eyni zamanda, yeni mahnılar üzərində çalışıram.
- Yazıçı, jurnalist, musiqiçi, reper. Sadaladıqlarımdan hansı sizə daha doğmadır?
- Özümü tam olaraq hansısa sahəyə aid edə bilmirəm. Mən ətrafımı müşahidə edən insanam. Sadəcə olaraq müşahidəçi Elxan kəlməsi mənə daha yaxındır.
- Şəxsi həyatla bağlı təzə xəbər var?
- Subayam. Hələ ki, ailə həyatı qurmağı düşünmürəm. Ailə həyatı qurmaq mənim üçün adi bir şey deyil. Bu addıma tam hazır olmaq lazımdır.
- “QaraQan” təxəllüsü nədən irəli gəlir?
- 13 yaşımda ikən bu təxəllüsü seçmişəm. Ali məktəbə hazırlaşanda repdən kənarlaşdım. Universitetə qəbul olduqdan sonra “QaraQan” ləqəbini götürdüm.
Çünki bu mənim uşaqlıq arzum idi.
- 2007-ci ildə H.O.S.T. qrupunun solistlərindən biri də siz idiniz. Bildiyimiz kimi, qrup 2012-ci ildə dağıldı. Yenidən həmin qrup üzvləri ilə bir araya gəlib maraqlı layihə təqdim etməyi düşünürsünüzmü?
- İndi həmin qrup üzvləri ilə əlaqəm yoxdur. Qrup təzə yarananda hamı həvəsli idi. Hər kəs repdə öz bacarığını nümayiş etdirməyə çalışırdı. Oxuduğumuz eyni idi, amma ruhumuz və xarakterilərimiz tam fərqli idi. Ona görə də belə layihə düşünmürəm.
- Bir müddət Amerikada yaşamısınız. Oradakı gənclərin dünya görüşü ilə buradakı gənclərin dünya görüşündə hansı fərqlər daha qabarıq nəzərinizə çarpdı?
- Əslində mənim üçün əcnəbi ölkəyə gedəndə o qədər də fərq olmur. Çünki orada da, burada da yadplanetli kimiyəm (gülür). Fərq ondadır ki, orada insanlar istədiyi şeyi edirlər.
- Niyə çox özünə qapalı insansınız? Yoxsa cəmiyyətdən, hər kəsdən uzaq durmağa çalışırsınız?
- Qapalı deyiləm, sadəcə, hərdən elə olur ki, onların ciddi saydığı nələrsə mənə gülməli gəlir yaxud əksinə. Onların güldüyü nələrsə mənə ciddi gəlir.
- Sizin dünyaya baxışınız sözün yaxşı mənasında həmyaşıdlarınızdan fərqlənir. Bu nöqteyi-nəzərdən yaşıdlarınızla ünsiyyət quranda çətinlik çəkirsiniz?
- Əvvəla, mənim haqqımda bu cür düşündüyünüzə görə sizə təşəkkür edirəm. Təbii ki, bu cür hallar olur. Əvvəlcə, çətin olur. Lakin söhbət əsnasında çalışıram ki, qarşımdakı insanın məni anlayacağı düşüncə tərzi ilə danışım.
- Sonuncu dəfə oxuduğunuz kitab hansı olub?
- Mən eyni vaxtda 10 kitab oxuyuram. Çünki bu cür kitab oxuyanda eyni mövzudan bezmirəm. Ən son oxuduğum kitab isə amerikalı yazıçı Q.F.Lavkraftın romanı olub.
- Roman yazanda müasir Azərbaycan yazıçılarından kimdən bəhrələnirsiz?
- Çingiz Abdullayev, Anar, Kamal Abdulla.
Foto: Nüsrət Abdullayev
Aytən Sadıqzadə
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Zaxarova: "Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir"
- Dünya ticarət savaşı BAŞLADI: Prosesin Azərbaycana hansı təsirləri var?
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı
- Azərbaycan qaz tranziti sxeminə daxil edilir
Rəylər