Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qızının təcavüzdə ittiham etdiyi amerikalı reper həbsxana işçilərinin onu zəhərlədiyini dedi
Hazırda məhkumluq həyatı yaşayan məşhur amerikalı reper Ar Kelli (R.Kelly) həbsxana əməkdaşlarını ona həddindən artıq dozada dərman verməkdə ittiham edib. Onun sözlərinə görə, məhz bu səbəbdən o, zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə TMZ məhkəmə sənədlərinə istinadla məlumat yayıb.
Bildirilib ki, iyunun 12-nə keçən gecə Ar Kelliyə əlavə dərman qəbul etməsi əmr olunub. Səhəri gün isə reper halsızlıq və başgicəllənmə ilə oyanıb. Onun sözlərinə görə, çarpayıdan qalxmaq istəyəndə yıxılıb və kameranın qapısına qədər sürünüb, daha sonra isə huşunu itirib.
Bununla belə, ABC News-un mənbələri bildiriblər ki, reper sadəcə iki günlük planlı tibbi müayinədən keçib və xəstəxanaya dərman zəhərlənməsi səbəbindən deyil, öncədən planlaşdırılmış səbəblərlə yerləşdirilib.
Hazırda Ar Kellinin səhhəti ilə bağlı həyati təhlükə yoxdur. Lakin musiqiçi bir daha məhkəmədən xahiş edir ki, onu ev dustaqlığına buraxsınlar.
Qeyd edək ki, 2022-ci ilin iyun ayında Ar Kelli insan alveri və cinsi istismar məqsədilə adam qaçırmaq ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib. 2008-ci ildə o, İllinoys ştatında uşaq pornoqrafiyası yaymaq ittihamı ilə məhkəməyə çıxarılmış, lakin bəraət almışdı. 2000-ci illərin əvvəllərində isə onun yeniyetmələrlə cinsi əlaqədə olmaqla bağlı bir neçə iş üzrə barışıqla nəticələnmiş məhkəmə prosesləri olmuşdu.
2024-cü ilin oktyabrında reperin qızı Buku Abi atasının onu uşaqlıqda illərlə cinsi zorakılığa məruz qoyduğunu açıqlayıb. Göz yaşları içində danışan gənc qadın bildirib ki, 8-9 yaşlarında olarkən gecəyarısı atasının toxunuşlarından oyanırdı.