"Mən saytlarda üzr istəmişəm, bunun özü təqdirəlayiqdir. Ancaq o, verilişlərdə çıxış edib şou yaradır. Bu, ikiüzlülük deməkdir. Deyir ki, BMT konvensiyasına müraciət edəcək. Onlar heç Qarabağ barədə çıxan qətnaməni təmin etmirlər, Məleykə kimdir ki, onun məsələsinə baxsınlar? Yenə də əlimi uzadıb deyirəm ki, bəsdir, Məleykə, bu məsələni qurtar".
Oxu.Az xəbər verir ki, bu sözləri xalq artist Ramiz Məlik Məleykə Əsədova ilə məhkəməsində deyib. Məhkəmə prosesinə R.Məlikin bacısı Pərixanım Məlikova gətirilsə də, hakim onun şahid kimi dindirilməsini əsassız sayıb.
Məhkəmənin gedişi zamanı Məleykə Əsədovanın hüquqlarını müdafiə edən hüquqşünas Tağı Hüseynov bildirib ki, R.Məlik Məleykəni görəndə “kakaya krasavitsa” kimi ifadələr işlədib, müsahibələrində başqa cür danışıb:
“Əgər R.Məlik üzr istəməsə, xüsusi ittiham qaydasında şikayət edəcəyik”.
R.Məlikin vəkili Türkel Süleymanlı isə M.Əsədovanın R.Məlikə qarşı iddiasını əsassız sayıb:
“Saytlara verilən müsahibə sübut sayılmır. Səs yazısı təqdim edilməli idi”.
Hakim müşavirə otağına gedəndən sonra tərəflər arasında gərginlik yaşanıb. R.Məlikin bacısı P.Məlikova bildirib ki, M.Əsədovanı prokurorluğa şikayət edəcək:
“Ramiz xəstə adamdır, dörd dəfə əməliyyat olunub. Onun başına bir iş gəlsə, Məleykəni prokurorluğa şikayət edəcəm”.
E.Ə.
www.oxu.az