2014-cü ilin avqustunda həyatına son verən amerikalı komediya ustası Robin Williams-ın həyat yoldaşı Susan Williams “Robin intihar etməsəydi, xəstəlikləri ucbatından üç ilin içində öləcəkdi” deyib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Susan Williams ərinin ölümündən sonra ilk müsahibəsində son həftələrdə Robin Williams-ın onun gözlərinin qarşısında əridiyini söyləyib.
ABC televiziyasının “Good Morning America” proqramında qonaq olan Susan Williams “Bir kabus yaşayırdıq” deyib.
Parkinson diaqnozu qoyulan 63 yaşlı aktyorda eyni zamanda “Lewy cisimcikli demans” əlamətləri də üzə çıxmışdı. Bu xəstəliyə Lewy cisimciyi adı verilən bir zülalın qalıqları səbəb olur. Xəstəlik beynin normal funksiyalarını pozur. Xəstə yaddaş, hərəkət, konsentrasiya və s. problemlər yaşayır.
İntihar etdiyi üçün Robin Williams-ı günahlandırmadığını deyən Susan Williams “Əgər şansı var idisə, Robin bəlkə üç il yaşayardı. Bunlar da çox çətin illər olardı” deyib.
Aytən Sadıqzadə
www.oxu.az