Azərbaycanlı məşhur müğənni Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov Türkiyə səhnəsində çıxış etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-ə müsahibə verən gənc ifaçı maraqlı və iddialı açıqlamaları ilə marağa səbəb olub. İsmayıl bildirib ki, İstanbulda təhsil alması ilə yanaşı olaraq, həm də müğənnilik edir. Təhsil aldığı universitetdə hər il yay aylarında səhnəyə çıxaraq tələbələrin qarşısında çıxış edir:
“Bu, artıq adi hala çevrilib, həm öz universitetimdə, həm də digərlərində bəzən bütün musiqi qrupumla, bəzi hallarda isə gitaramı əlimə alıb mahnılar ifa edirəm. Bizim çıxışlarımız hər kəs tərəfindən bəyənilir. Bir çox layihələrimiz var, İnşaallah, yavaş-yavaş hamısını yerinə yetirəcəyik”.
Gənc ifaçı yeniliklərindən danışdığı məqamda bildirib ki, may ayında İstanbulda yerləşən böyük səhnələrdən birində konsert verəcək. O bildirib ki, adını hələ açıqlamaq istəmədiyi məşhur türk ifaçısı ilə danışıqlar aparılır, əgər yerinə yetərsə onun konsertində də səhnə alacaq.
Müğənnilikdə iddialı addımlarla irəliləməyi planlayan İsmayıl vaxtı gələndə ana vətəni Azərbaycanda da tanınacağını güman edir:
“İnşaallah, hər şey yaxşı olacaq. Vaxtı gələndə gözəl Azərbaycanım mənim də səsimi eşidəcək. Amma hələ ki, özümü tam hazır hiss etmirəm. Bunun üçün üzərimdə çox işləyirəm”, - deyərək İsmayıl Nəcəfov fikirlərini ANS PRESS ilə bölüşüb.