Azərbaycanlı müğənni Sanan ilk sinqlının tanıtımı məqsədilə keçirilən “Te juro” promo-turundan geri dönüb. Səfər çərçivəsində müğənni Rumıniya, Moldova, Rusiya və Ukrayna televiziya kanallarının baxımlı teleşoularında, eləcə də, bu ölkələrdə keçirilən müxtəlif konsert və ictimai şou tədbirlərində iştirak edib.
Oxu.Az xəbər verir ki, Rumıniyanın “Antena Star” kanalında yayımlanan “Star matinal” proqramının aparıcıları canlı yayımda həmyerlimizə aşiq olduqlarını deyərək, onu axşam yeməyinə dəvət ediblər.
Sanan yeni albomunda yer alan mahnılarını ispan dilində ifa etməsinə baxmayaraq, bütün çıxışlarında milliyyətcə azərbaycanlı olduğunu qeyd edib və aparıcılara doğma dilimizdə sözlər öyrətməyə çalışıb.
O, repertuarına daxil olan mahnıların Azərbaycan versiyasını da təqdim edəcək. Müğənninin albomu 2018-ci ilin fevral ayında işıq üzü görəcək. Albomda həmyerlimizin bir neçə dünya ulduzu ilə duetləri də yer alıb.
A.S.
www.oxu.az