Dünyaca məşhur Azərbaycan əsilli müğənni Sami Yusuf teziliklə Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, müğənni “Kevents group” un təşkilatçılığı ilə azərbaycanlı tamaşaçılarını konsert proqramı ilə sevindirəcək.
Hələlik, konsertin dəqiq tarixi açıqlamasa da, bu haqda yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, Sami Yusuf əslən azərbaycanlıdır. 1980-ci ildə İranın paytaxtı Tehranda azərbaycanlı ailəsində dünyaya gəlib. 3 yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb.
Onun ötən il işıq üzü görən “The Centre” adlı albomu Azərbaycan üçün də özəl albom sayıla bilər. Belə ki, albomda Sami Yusuf Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin”i həm azərbaycanca, həm də ingiliscə səsləndirib. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub.
Müğənni Azərbaycan musiqilərindən indiyədək “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Sənə də qalmaz”ı konsertlərində səsləndirib, hətta sayca dördüncü albomu olan “Salam” albomuna “Küçələrə su səpmişəm” mahnısını əlavə edib.

Aytən Sadıqzadə
www.oxu.az