Onu illər əvvəl “Azəri Star” mahnı müsabiqəsindən tanımağa başladıq. Bu gənc sarışın xanım fərqli ifası, özünəməxsus rəqsi, performansı, gözəlliyi və şarmı ilə insanların diqqətini cəlb etməyi bacardı. Sevildi, populyarlaşdı və birdən-birə ekrandan uzaqlaşdı. Bu isə onu sevənləri çaşqınlıq içərisində qoydu. Hər kəs onunla maraqlanmağa başladı: haradadır, nə işlə məşğuldur, niyə qəflətən gözlərdən itdi?
Bütün bu suallara cavab tapmaq üçün onu axtardıq və Azərbaycanda deyil, Türkiyədə tapdıq.
“Qara-qara”, “Bluetooth”, “Lava”, “Optimist”, “Milyonların Arzusu” mahnıları ilə gənclərin sevimlisinə çevrilən Arzum Xəlilova Oxu.Az-ın suallarını cavablandırdı.

- Artıq üç ildir Türkiyədə yaşayırsınız və sənətdən uzaq düşmüsünüz. Orada yaşamağınıza başlıca səbəb nə oldu?
- 2012-ci ildə İstanbula klip çəkdirməyə gəlmişdim. Amma elə oldu ki, burada yaşamağa başladım. Bununla yanaşı İstanbulda biznesimi də qurmuşam. Bu da bir qismətdir deyə bilərəm.
- Bu yaxınlarda Türkiyə vətəndaşı ilə nişanlanmısınız, təbrik edirəm. O, hansı sahənin adamıdır?



- Təbrikiniz üçün çox təşəkkür edirəm. İncəsənətlə bağlılığı var. Reklam şirkətində menecerdir.
- Həm sizin, həm də nişanlınızın valideynləri qərarınızı ilk dəfə eşidəndə necə reaksiya verdilər? Narazılıq oldu?
- Heç bir narazılıq olmadı. Artıq mənim 27, nişanlımın isə 28 yaşı var. Evlənmək istədiyimizi öyrənəndə hamı sevindi, gözəl reaksiya verdilər. Qayınatamı isə hamıdan çox istəyirəm, ikinci atam kimidir. Şükür, çox sevilən bir gəlinəm.

- Toyu nə zamana planlaşdırırsınız?
- Qismət olsa gələn il ailə qurmağa hazırlaşırıq.

- Türkiyədə musiqi fəaliyyəti ilə məşğul olursunuz?
- Sənətimdən uzaq düşdüm. Hələ ki bu sahədə çox ciddi hədəfim yoxdur. İncəsənət insanıyam, qismət olsa nə vaxtsa yenidən oxumağa başlayacağam. Hər şeyi həyata, zamana buraxmışam.

- “Azəri Star”la populyarlaşdınız, daha sonra “Bluetooth” mahnısı ilə gənclərin sevimlisinə çevrildiniz. Müsabiqə vaxtı münsif üzvü İlhamə Quliyeva sizi çox bəyənir, hətta onun kimi gözəl olduğunuzu deyir, tez-tez sizi tərifləyirdi. İndi əlaqələriniz varmı, xalq artisti ilə münasibətiniz necədir? Həmin günlər üçün darıxırsınız?
- İlhamə xanım mənə heç kim ikən böyük dəstək olmuşdu. Onun haqqında kim nə deyirsə desin, o, mənim üçün çox əzizdir.


- Hazırda ürəyinizdən hansı mahnının sözləri keçir?
- Hal-hazırda ürəyimdən sükut, hüzur keçir. Yağışın səsi gəlir qulağıma. Bu dünyada tək istədiyim şey hüzurdur.
Aytən Sadıqzadə
www.oxu.az