Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səyyad Əlizadə: Rus qızı almaq istəyirdim, anam qoymadı
Oxu.Az publika.az-a istinadla müğənni Səyyad Əlizadənin müsahibəsini ixtisarla təqdim edir:
- Elə televiziya proqramı olubmu ki, çağırıblar, amma dəvəti qəbul etməmisiniz?
- Bəli. Televiziyalardakı qonaqlıq verilişlərində özümü görmürəm. Yemək bişirə bilmirəm, bu, mənim işim deyil. Deyirəm, buyurun gedək, at çapaq, güllə ataq. Məni kişi işləri maraqlandırır.
- Xanımınızla necə tanış olmusunuz?
- Mən institutu qurtardım, məni təyinatla göndərdilər, Kiyevdə yaşadım. Hətta bir rus qızıyla evlənmək istəyirdim, anam dedi ki, “olmaz!” Mən də fikirləşdim ki, anam deyirsə, deməli, olmaz. Sonra anam dedi ki, çıx gəl Bakıya. Atamı tez itirmişəm. Anam bizi böyük əzab-əziyyətlə böyüdüb. Çıxdım gəldim bura. Dedi ki, evlənmək lazımdır, bir qız tap, evlən. Fikirləşdim ki, sevməsəm, necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Orta məktəbdə oxuyanda da, institutda da həmişə səhnədə olmuşam, qızlara o qədər də fikir verməmişəm.
Anam qayıtdı ki, qızla telefonla danış. O vaxtlar da indiki kimi deyildi ki, istədiyin adamla danışasan, “pereqavor” verirdin, iki-üç gündən sonra teleqram gedirdi. Mən də zəng elədim, qız da soruşdu ki, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt efirlərdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Dedi ki, siz kimsiniz ki, mənə zəng edirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanlı dostum vardı, əsəbimdən Naxçıvana getdim, onu orada tapdım. Qızı çağırtdırdım, gəlib məni gördü, gələcəyimi gözləmirdi axı. Mən də coşmuşam, başlamışam ki, sən kimsən, mənə belə cavab verirsən, mən heç səni tanımıram (gülür).
Dedim ki, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram, anamın xahişi ilə sənə zəng etmişdim. Bu qız başını qaldırıb bir kəlmə demədi. Dostum da qayıtdı ki, sən camaatın qızının üstünə niyə qışqırırsan. Özlüyümdə fikirləşdim ki, bu, yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atasıgil də onu başqasına vermək istəyirdi.
- Olmaya xanımınızı götürüb qaçmısınız?
- Mən qızı götürüb qaçmağın əleyhinəyəm. Götürüb qaçmaq qıza da, qızın valideynlərinə də hörmətsizlikdir. Sabah götürüb qaçan da atadır, onun övladını götürüb qaçsalar, necə olar? Qız da atasıgilə dedi ki, filankəslə ailə həyatı qurmaq istəyirəm. Sonra valideynləri razılıq verdilər.
-Sizə hədiyyə edənlər çox olub?
- Əslində, mənə hədiyyə veriləndə o qədər də xoşlanmıram. Bir dəfə mənə 50 min dollar hədiyyə etmişdilər. Həmin pulun qəbzləri indi də evdə durur, saxlayıram. Mənə xəbər gəldi ki, pasport məlumatlarınızı verin, sizə pul göndəriləcək. Tanıdığım adamlar idi. Dedilər ki, sizə pul göndəriləcək, özünüz gəlib götürərsiniz. On dəfə dalbadal mənə beş min dollar həcmində pul göndərdilər. Bütünlüklə pulu alandan sonra zəng elədim həmin adama ki, pul mənə çatıb gəlin ötürün. Həmin şəxs mənə bildirdi ki, o pul sizə məxsusdur, hədiyyə olunub, götürün xərcləyin.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR