Azərbaycan paytaxtı Bakıda “Dünya starı” layihəsinə start verilib.
Oxu.Az xəbər verir ki, seçim turlarında münsiflər heyətinin üzvləri - “Papito” mahnısı ilə dünyada populyarlıq qazanan rumıniyalı müğənni Siya (Seeya), Əməkdar artist Tünzalə Ağayeva, “Tommo Production”un rəhbəri bəstəkar və prodüser Bogdan Tommo, “Maximum Concerts” şirkətini rəhbəri Ekaterina Çitaşvili, tədbirin aparıcısı isə Abbasağa Əlizadə olub.
Siya layihə və paytaxtımız haqqında fikirlərini bölüşüb: “Bakını çox sevirəm. Azərbaycanın bir çox məkanlarında “Papito” mahnım səslənir. Bu da məni çox sevindirir. Bakıya gəlmə səbəbim buradakı layihə ilə bağlıdır. Prodüserim və mən münfis kürsüsündəyik. Azərbaycanlı müğənniləri dinləyib, onların arasından ən yaxşısını seçəcəyik. Həm də mən Azərbaycan musiqisi ilə tanış olacağam”.
“ADDIM” təşkilatının sədri Hüseyn Cavadzadə layihə haqqında məlumat verib: “Bu layihə Azərbaycan mədəniyyəti üçün olduqca önəmli rol oynayacaq. Mədəniyyətimiz, musiqimiz ölkə xaricində daha da tanınacaq. Xarici tərəfdaşlardan “Tommo Production” və “Maximum Concerts” şirkətindən belə bir fikir irəli sürüldü ki, Bakıda kastinqdə iştirak etmək istəyirlər. Biz də bunu böyük həvəslə qəbul etdik. Çünki bizim xeyli sayda istedadlı gənclərimiz var ki, onlar xaricdə tanınmağa layiqdirlər, amma onları vətəndən kənarda heç kim tanımır. Məhz bu səbəbdən bizim müğənnilərə maliyyə ayıracaq dünyada tanınan prodüserləri ölkəmizə dəvət etmişik. Artıq iştirakçılarla onların dünya musiqi industriyasında fəaliyyəti üçün müqavilə də imzalanacaq”.
Sonda səhnədə mübarizə aparan 13 iştirakçıdan ikisi - Sənan Məmmədli və Mustafa Əhmədzadə qalib elan edilib. Müsabiqədə iştirak edən digər 4 istedadlı gənc - Tofiq Hacıyev, Ayla Şiriyeva, Riad Abdulov və Amir Paşayev isə ölkəmizi müvafiq olaraq Makedoniya, İspaniya, Rusiya və Bolqarıstanda keçirilən festivallarda təmsil etmək şansını qazanıb.
Aytən Sadıqzadə
www.oxu.az