Elə düşünməyin ki, yola salmağa hazırlaşdığımız 2022-ci il şou-biznes üçün səs-küysüz ötüşüb. Bu, mümkündür? Əlbəttə, xeyr! Bu il də bir-birinin bostanına daş atanlar, həmkarlarının sözü boğazından keçməyənlər, efirdə dalaşanlar, su atıb əlbəyaxa döyüş edənlər, məhkəməyə gedib-çıxanlar az olmadılar.
Olay.az bu ilin ən yaddaqalan qalmaqallarını təqdim edir:
Bir vaxtlar dost olan aparıcı Nanə Ağamalıyeva və stilist Anar Ağakişiyevin yolları bu il ayrıldı. ATV-də xanım aparıcıların stili üzərində çalışan Anarın sözü Nanə ilə çəp gəldi. Belə ki, stilistin Ağamalıyevaya gündüz proqramlarına uyğun geyinmədiyini, makiyajını düzgün edilmədiyini deyərək daha sadə “look”lara üstünlük verməsini istəyib. Nanə isə Ağakişiyevin sözlərinə məhəl qoymadan öz stilində geyinməyə davam edib. Bu qalmaqal mediada işıqlandırılıb. Həmçinin Anar özü də statuslarla Nanəyə söz atıb, ağır sözlər qeyd edib.
“Photoshop”un dibinə girmirik, yazıq” sözlərini yazıb və yarpaq emojisi əlavə edərək aparıcının adına eyham vurdu. O dövrdə mediada iddia edilib ki, Nanənin bir müddətlik ATV-dən gedişi də elə bu dava ilə əlaqəli imiş. Ötən günlərdə isə Anar keçmiş dostu haqda “Nanə özünü ATV-nin rəhbəri kimi aparır” qalmaqallı açıqlamasını verdi. O bildirdi ki, hətta Nanə onun işçisinin üzərinə hücum çəkib, hər kəslə kobud danışıb, bütün xanım aparıcılar makiyaj otağına düşsə də, o, gəlmək istəməyib.
Hələ stilist Elnur Həsənovun müğənni Elnarə Xəlilovanı zövqsüz adlandırması üçlü qalmaqala gətirib çıxardı. Belə ki, Xəlilova bu açıqlamadan sonra “Instagram”da şeir paylaşdı. O, ad çəkmədən Həsənova sadəcə bir işlə məşğul olmasını, makiyajlar etməsini dedi. Lakin yazdıqlarının Elnurun birgə çalışdığı Əməkdar artist Lalə Məmmədovaya da toxunduğu düşünüldü:
“Məncə, sən bir iş görsən, olar.
Ya vizaj et, ya da kolor.
Geyim sənlik deyil, inan.
Pornoqrafik, ürəkbulandıran
Sonuncu obrazlarının
TRT-dən sorağı gəlir”.
Həmin dövrdə TRT-də qonaq olan Məmmədova Xəlilovanın paylaşımından sonra “Həddini bilmədikdən sonra çox şey bilmək mənasızdır. Susqunluq heç kimi çaşdırmasın. Çünki susan danışsa, dözən olmaz. Bu arada TRT-yə qucaq dolu sevgilər və salamlar” sözlərini yazdı.
Elnarə ötən günlərdə açıqlamasında sözügedən şəxslərlə düşmən olmadığını, rastlaşanda salamlaşdığını dedi.
İlin növbəti qalmaqalı isə məhkəməyə qədər gedib çıxdı. Belə ki, şair Nazilə Səfərlinin yazdığı status onu rəqqasə Fatimə Fətəliyeva ilə düşmən etdi. N.Səfərli “Instagram”da “Bir rəqqasə reklam etdiyim məkana zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz.
Kor-kobud şairəni reklama çağırırsınız. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə incə qala bilməmişik, kor-kobuduq. Demək istərdim ki, ağır ol, amma elə olsan, “dingildədiyin” masalar qırılar. Bağışla” sözlərini yazdı.
Fətəliyeva isə canlı yayım açaraq Nazilənin ünvanına sərt sözlər dedi: “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də, Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən.
Hara getmisən, kim üçün ərəb rəqsi oynamısansa, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlamışam, uşaq böyütmüşəm”. Nazilə isə bu açıqlamadan sonra üzr istəmədiyi üçün Fatiməni məhkəməyə verdi. Tərəflər hələ də barışmasa da, məclislərin birində Fatimə Nazilənin qarşısında rəqs edib.
Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildikdən sonra Xalq artisti Əbdül Mahmudovla dostluq münasibətini bitirdi. Buna səbəb isə Şeyx Əbdülün kinoya xəyanət etdiyini, sədrlik təklifi ilə razılaşmamalı olduğunu deməsi oldu. Bundan sonra tərəflər bir-birilərinin ünvanına ağır sözlər səsləndirdilər. Məsələ o həddə çatdı ki, R.Balayev keçmiş dostuna “Axmaq, səviyyəsiz”, rejissor isə aktyor barəsində “Tarixdə xəyanətkar kimi qalacaqsınız” açıqlamasını verdi.
Əməkdar artist Elza Seyidcahanın obyekti ilə bağlı borcuna görə Xoşqədəm Hidayətqızının verilişində xalqdan yardım istəməsi böyük qalmaqala səbəb oldu. Onun ünvanına sərt sözlər deyənlər də var idi, müdafiə edənlər də. Xalq artisti Ramiz Məlik isə bəstəkar və müğənnini təhqir etdi. Onu “dəli” adlandırdı. Seyidcahan açıqlamasında “Yaramaz dəlik”lər hələ də bilmirlər ki, hər bir dahidə bir balaca dəlilik olur?!” deyərək R.Məlikə cavab verdi.
Reper Aslixan müğənni Hissin “İstəmirəm” adlı hitini “YouTube”dan sildirdi. Buna səbəb kimi isə vaxtında həmin mahnını Hissə ucuza satdığını, sənətçinin ona “Qabağa gedəndə səni “görəcəyəm” dediyini, lakin məsələnin belə olmadığını göstərdi.
Aslixan söyləyib ki, Hiss onunla bağlı paxıl kimi ifadələr səsləndirib. İfaçı isə reperə cavab verərək uğurunun açarının özü olduğunu bildirdi və “Məndə səni “görəcək” üz qoymadın” dedi. Hiss deyib ki, verilişlərdə həm də onunla bağlı yaxşı sözlər deyib, amma o, bunları görməyib. Bundan əlavə iddia edilir ki, Hiss “Busan” trekindəki sözləri Aslixana şamil edib.
“Səhərin səsi” verilişində müğənnilər Elvin Mirzəzadə və Sabir Əhmədov arasındakı mübahisə əlbəyaxa dava ilə nəticələndi. Sabirin Elvinin mahnıları ilə bağlı şərhi bu münaqişəni daha da alovlandırdı. Tərəflər studiyanı tərk edərək kənarda əlbəyaxa dava etdilər.
Vəkil Şəfiqə Nağıyeva bəlkə də ilin ən qalmaqallı simalarından biridir. O, ekspert kimi qonaq olduğu verilişlərdə bir çox şəxslə mübahisə etdi. Son olaraq jurnalist Anar Vəziroğlu ilə “Təsir dairəsi” proqramında davası oldu.
Efirdə Vəziroğlu hüquqşünasın üstünə su atdı. Daha sonra məlum oldu ki, demə, bu addımı ilk atan elə Nağıyeva özü olub. O, fasilə vaxtı jurnalistin üstünə su atıb. Nağıyeva ondan əvvəl “Elgizlə izlə” verilişindən ağlayaraq çıxıb. O, daha öncə efirdə Xalq artisti Kübra Əliyeva ilə də mübahisə edib.
Bu il aktrisa Pərvin Abıyeva “TikTok” platformasında aparıcı Azər Zahidlə bir neçə dəfə dava etdi. Onlar arasında zaman-zaman gərginlik yaşandı. Sonuncu davada isə Azər onu təhqir edən Pərvinin “TikTok” hesabını bağlatdırdı. O, səhifənin bir də açılmayacağını desə də, Pərvinin profili yenidən aktivləşdi.
Bu il kifayət qədər səs-küylü keçdi. 2023-cü ildə yaşanacaqları isə zaman göstərəcək.
Rəylər