Tanınmış müğənni Elnarə Xəlilova qalmaqala səbəb olan avtomobilindən danışıb.
Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, müğənni ATV-də yayımlanan verilişində avtomobili haqda danışıb.
Müğənni deyib ki, avtomobili cərimə meydançasından çıxarılıb və adını avtomobilin dövlət nişanı yerinə fanatları vurub:
“Maşın məndədir və heç bir problem yoxdur. Sadəcə bir az səbir edin, ora adımı mən yazmamışdım, fanatlarım yazmışdı. Yaxşı bir PR kampaniyasına başlamışıq. Səbir edin, səbəbini biləcəksiniz”.
Xatırladaq ki, bir neçə gün öncə yayılan xəbərə görə, yol polisi Elnarənin avtomobilini yol verdiyi qanun pozuntusuna görə saxlayaraq cərimə meydançasına aparıb.
Onun idarə etdiyi “Jeep Wrangler” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq mühafizə olunan dayanacağa aparılıb.
Belə ki, paytaxtda quraşdırılmış müşahidə kameralarının yaddaşına həkk olunmuş görüntülərdən də görünürdü ki, müğənninin paytaxtın küçələrində idarə etdiyi avtomobilinin ön hissəsindəki dövlət nömrə nişanının yerinə kustar üsulla hazırlanmış, qeyri-standart və üzərində müğənninin adı yazılmış lövhə yapışdırılıb.
Elnarənin son açıqlaması isə onu göstərir ki, bu, müğənninin PR kampaniyasıdır və avtomobillə bağlı heç bir problem yaşanmayıb.