Millət vəkili Etibar Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovu tənqid edib.
Oxu.Az xəbər verir ki, Etibar Hüseynov Facebook-da yeni rəisin bu işdə özünü doğrultmadığını bildirib.
Həmin statusu təqdim edirik:
“Dünən sosial mediadan oxudum ki, “Azərbaycan” qezətində Metropolitenin rəisi Zaur Hüseynov haqda tənqidi məqalə dərc olunub. Mən həmin yazıyla tanış deyiləm. Amma bəri başdan deyirəm ki, nə yazılıbsa, az yazılıb və haqq yazılıb. Niyəsini indi söyləyim...
Təxminən 3 ay əvvəl dəmir yol sistemində 30 ildən artıq stajı olan Eynulla Bağırov adlı şəxs mənə hazırda işsiz olduğunu və Metropolitendə işə düzəlməsində ona yardımçı olmağımı xahiş etmişdi. Adam “Fəxri dəmiryolçu”dur, 50 cür diplomu, fəxri fərmanları da öz yerində. İstədiyi də vəzifə-filan deyil, ailəsinə çörəkpulu aparmaq üçün sıradan bir işdir. Mən də elə onun yanındaca Zaur Hüseynova telefon açdım. Məsələdən agah elədim. Mənə həmin şəxsin bir həftə sonra onun qəbuluna gəlməsini bildirdi. Eynulla Bağırov da sevindi. Amma bu sevinc uzun çəkmədi. Zaur Hüseynov onu qəbul belə etmədi, müavinin yanına göndərdi, o da öz növbəsində kadrlar şöbəsinə, o da... Bax beləcə 3 aydır ki, Eynulla Bağırov bu bürokratiya karuselində fırlanır. Biabırçılıqdır. Bəs başqa vaxt özləri deyir ki, Metropolitendə guya peşəkar kadr çatışmazlığı var. Və bütün günahlarını da bununla sığortalayırlar. Bəs nə oldu?
Zaur Hüseynovdan gözləntilər özünü doğrultmadı. Adam gələndən Metropolitendə “budka reforması”ndan o yana bir iş görə bilmədi. Heç o işi də əməlli-başlı sona çatdırmadı. Nail ola bildiyi isə Tağı Əhmədovun atasına rəhmət oxutdurmağıdır, vəssalam...”.