Ukraynanı “Eurovision-2016” müsabiqəsində təmsil edən Krım-tatar müğənnisi Camala doğma dilini - Krım türkcəsini yaxşı bilmir.
Oxu.Az xəbər verir ki, o, bu barədə Rusiyanın “Sobesednik” nəşrinə verdiyi müsahibəsində bildirib.
Jurnalistin hansı dillərdə sərbəst danışdığına dair sualına cavab verən müğənni bildirib:
“Ukrayna, ingilis, rus, bir az da krım-tatar dilində bilirəm”.
Ukraynanın “Eurovision-2016” təmsilçisi, həmçinin Türkiyədən böyük dəstək gördüyünü də vurğulayıb.
“Yeri gəlmişkən, indi Türkiyədən böyük diqqət görürəm, məni orada çox dəstəkləyirlər. Onlar nəqarətdə türk dilinə çox yaxın olan Krım-tatar dilini eşidiblər və çox seviniblər.
Türkiyə bu il “Eurovision”da iştirak etmir, ona görə də məni özlərinki kimi qəbul edirlər. Türk jurnalistləri hətta: azərbaycanlılar, üzr istəyirik, amma bu il biz Ukraynanı dəstəkləyəcəyik deyərək zarafat edirlər”, - Camala deyib.