Türkiyənin məşhur modellərindən olan Tuğba Özay erməni qızı Tamaranın həyatından bəhs edən filmdə “Tamara” rolu ilə sevənlərinin qarşısına çıxmağa hazırlaşır.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Ulduzlar” Qrup Film Yapım Şirkəti İdarə heyətinin başçısı Umut Yıldız erməni qızı Tamaranın həyatını çəkəcəkləri filmdə Tamara rolunu Tuğba Özaya verdiklərini açıqlayıb. Tuğba Özay ilə müqavilə imzalayan Yıldız, çəkilişlərin aprel ayında Vanda başlayacağını söyləyib.
O, filmin türk-erməni münasibətlərinin ildönümü hesab edilən oktyabr ayında nümayişə hazır olacağını bildirib.
Yıldız filmin Mədəniyyət Nazirliyinin dəstəyilə ərsəyə gələcəyini qeyd edib.
Erməni qızı Tamaranı canlandıracaq model Tuğba Özay “Bu mənim həyatda ən çox oynamaq istədiyim roldur. Çox xoşbəxtəm. Filmin musiqilərini də çox bəyəndim. Həmçinin çox sevdiyim Van ərazisində çəkilişlərin aparılması da məni xoşbəxt etdi” deyib.
Aytən Sadıqzadə