Qonşular... Praktiki olaraq hər birimizin qonşusu var. Hətta bəxtəvər fərdi ev sahibləri belə zamanla qonşularla ünsiyyətə girməli olur. Çoxmənzilli evlərin sahibləri, əksəriyyətimiz isə məhz belə sakinlərdənik, danışmağa dəyməz.
Yaxşı qonşu qohumdan irəlidir, amma bu, nadir hallarda olur. Əgər evində qaydasız döyüş rinqləri yaratmayan, gecə yarısı qışqırmayan, təmiri bitirər-bitirməz sizi suya qərq etməyən adekvat qonşularınız varsa, bunun üçün Allaha şükür etməlisiniz. Belə qonşuların başına dolanmaq, çox zərif davranmaq, hətta bəzən şirniyyat da paylamaq lazımdır.
Çünki siz heç təsəvvür də edə bilməzsiniz ki, təmizliyin, insanlığın, etikanın və başqasının şəxsi həyatına qarışmamaq anlayışlarını yalnız boş sözlər hesab edən insanlarla divar-divara yaşamaq necə çətindir.
Bizimlə bir binada yaşayan qonşulardan çox şey görmüşəm – pəncərədən atılan zibil, gecə dava-dalaşları - həm də mebelin divarlara çırpılması ilə müşayiət edilən davalar - pəncərənin altında gecə saat üçdə sərxoş qəhqəhələri və s.
Mən, hətta mütəmadi olaraq qonşuların onları suya basanların vurduqları ziyanı ödəmələrinə dair xahişlərinə isə paslanmış boruları dəyişməyə pullarının olmadığını, əgər onlar bir daha belə şəlaləyə qərq olmaq istəmirlərsə təmir xərcini özləri ödəməli olduqlarını söyləyən adamları da tanıyırdım.
Amma ən qorxulusu bu deyil. Ailə qalmaqalları və gecə tavandan axan su damcıları ilə əgər bu hər gün baş vermirsə və xəstəxanaya yatırılmaqla bitmirsə bununla birtəhər baş etmək olar.
Daha pis başqasıdır – bizim millətin əksəriyyəti, necə deyərlər başqasının işinə burun soxmağı çox xoşlayır, sadəcə başqasının gözündə çöp axtarmağa çox meyillidir.
Çox güman ki, hər birimiz heç olmasa bir dəfə də olsun, bəlkə də daha çox, zəhlətökən qonşunun sorğusuna çəkilib. Nədənsə ona başqasının şəxsi həyatının bütün incəlikləri - ehtimal edilən evlilikdən qarıyıb evdə qalma perspektivinə qədər hər şey - çox maraqlıdır. Onlar “şahzadə gözləyirsən?” sualından tutmuş, əynindəki geyimi belə təhlil edərək “elə bil bu şalvar sənə bir az dardır?” deyə soruşa bilərlər.
Ümumiyyətlə, başqasının şəxsi həyatı özünə hörmət edən hər bir azərbaycanlı qonşu üçün Alfa və Omeqadır. Nədənsə bu qonşu ətrafındakıların həyatında baş verənlərdən mütləq xəbərdar olmasına haqqı olduğunu düşünür. Əgər ona lazımi informasiyanı verməsəz, təxəyyülünü işə salacaq, bu isə heç də xoş olmayan nəticələrə gətirib çıxara bilər.
Nümunə üçün uzağa getmək lazım deyil. Dünən bütün xəbər portalları bir neçə gün öncə Nərimanov rayonunda baş verən dəhşətli qətl hadisəsindən yazırdı – kişi bir mənzildə yaşadığı keçmiş arvadının başını kəsib. Bununla kifayətlənməyən ər (oxuculardan üzr istəyirəm) onun cinsiyyət orqanını da kəsib, kəsdiyi hissələrlə üzünü “bəzəyib”. Bütün bu sallaqxana əməliyyatı praktiki olaraq “qayğıkeş” atanın onların psixikasına zərər dəyməsin deyə o biri otaqda kilidlədiyi iki azyaşlı uşağın iki addımlığında baş verib...
Bu vəhşiliyin səbəbi qonşuların qınağı və pıçapıçları olub, onlar mütəmadi olaraq uğursuz ər və ata olan bu kişiyə onun keçmiş arvadının davranışı barədə xəbərlər çatdırıblar. Qətldən sonra kişi qonşuların qeybətindən bezdiyini etiraf edib. Özünü təhqir olunmuş hesab edərək, iki uşağının anasını namusunu təmizləmək üçün qətlə yetirməyi qərara alıb.
Bu faciədə qonşuların rolu çox mühüm olub. Bəlkə də qadın kiminlə isə görüşüb də, əslində bu elə də qınamalı hal deyil, axı o azad qadın olub. Bəlkə də qonşular onun boşanmasını qınayıblar, axı əksəriyyət üçün boşanmış qadın fahişədən fərqlənmir.
Qonşulara qadının davranışını əxlaqsızlıq adlandırmaq üçün nə lazımdır? Çox az şey – məsələn, onu bir neçə dəfə öz maşınında evə qədər gətirən əməkdaş və ya bir qədər açıq geyim. Başı kəsilən qadınla əlaqəli əhvalatda hər şey yalnız belə ola bilərdi. Bəlkə də bədbəxt qadın həqiqətən də öz həyatını düzənə salmaq istəyirdi. Axı onun cəmi 28 yaşı var idi...
Mənə maraqlı olan başqa şeydir. Bu gənc qadının ölümünə, iki azyaşlı uşağın anasız və zədələnmiş psixika ilə qalmağına səbəb olan qeybətcil qonşular indi özlərini necə hiss edirlər? Bu insanlar gecələr rahat yata bilirlərmi? Bu həyatda hər şeyin əlaqəli olduğunu, bu faciənin onların uşaqlarının, ya nəvələrinin həyatında əks-səda verəcəyini düşünürlərmi? Və ya baş verənlərdə çox güman ki, sıradan kənar bir şey görmürlər. Onların fikrincə, keçmiş, “gəzəyən” arvadını öldürməklə ər layiqli hərəkət edib?
Dünyamızda səbəbi özümüz olduğumuz o qədər şər var ki – bizim paxıllığımız, nəfsimiz, tənbəlliyimiz və ən əsas kütbeyinliyimiz. Ona görə də gələn dəfə qısa ətəkli qonşu qızını görərkən başınızı yelləyərək “fahişənin biri də böyüyür” deyərkən, sözlərinizin öldürmək qabiliyyətinə malik olduğunu düşünün...
Aliyə İsmayılzadə
www.oxu.az