Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Ufak Tefek Cinayetler”in rejissoru: Hər kəsin içində bir “Merve” var
“20 dakika”, “Medcezir”, “Cesur ve Güzel” və son olaraq “Ufak Tefek Cinayetler” serialı ilə tanınan türkiyəli rejissor Ali Bilgin paytaxtımızın qonağı olub.
Oxu.Az Ali Bilginlə olan müsahibəni təqdim edir:
– Ölkəmizə xoş gəlmisiniz. Sizi ölkəmizdə görməkdən məmnunluq duyuruq.
– Təşəkkür edirəm, mənim üçün də qürurverici bir haldır ki, əziyyətlə ərsəyə gətirdiyimiz işlər ölkədən kənarda izlənilir və dəyərləndirilir.
– “Medcezir”ə görə “Altın Kelebek” almısınız, sizcə, “Ufak Tefek Cinayetler” sizi yenə “Ən yaxşı rejissor” edəcəkmi?
– Peşəkar anlamda mükafat alsaq, təbii ki, sevinərik. Ancaq biz hər hansı proyekti gerçəkləşdirərkən mükafat almağı qarşımıza məqsəd qoymuruq. Onsuz da, yaxşı nəticə vermiş seriallar tamaşaçılar tərəfindən mükafatlandırılır.
Məsələn, azərbaycanlıların serialıma qarşı verdikləri reaksiya mənim üçün ən böyük mükafatdır. Çox gözəl rəylər gəlir. Mükafat almış kimi varıq (gülür).
– Bu günə kimi Kıvanç Tatlıtuğ, Tuba Büyüküstün, Serenay Sarıkaya, Çağatay Ulusoy kimi ulduzlarla işləmisiniz. Ən çox kapriz göstərən hansıdır? Hansı ilə işləmək çətindir? Hansı məşhurla bir daha işləməzsiniz?
– Bizdə kaprizli bir aktyor yoxdur. Sadəcə, çəkilişlərimiz həftələr boyu davam etdiyi üçün ulduz aktyorlardan tutmuş, ikinci dərəcəli aktyorlara qədər hər kəsdə yorğunluq, diqqətinin dağılması kimi hallar baş verir.
Bunlar bəzən çəkilişlərdə gərginliklər yaşadır. Amma bu, ailə içində də baş verən hadisələrdir. Gündə 10 saatdan artıq, həftədə 5-6 gün çalışırıq. Hər nə qədər bir-birimizə yaxşı davransaq da, arada gərginliklər baş verir.
Hamısı çox peşəkardır, hamısı ilə yenidən işləmək istəyərəm. Heç biri ilə işləmək çətin deyil, əksinə, bir-birimizə qatqımız çox olub.
– Türkiyədə serialların vaxtının çox olması aktyor-aktrisaları da narahat edir. Bu, telekanalların, yoxsa prodakşnların tələbidir?
– Heç kim belə uzun bir serial çəkmək istəməz. Bunun səbəbi ölkə xaricinə satılan seriallar və böyük rəqabətdir. Bizim çəkdiyimiz bir seriya üç hissəyə bölünüb satılır. Bütövlükdə tələb olunan vaxt 140 dəqiqədən artıqdır.
Hazırkı vəziyyətdə ssenaristlərin yazmayacaq dərəcədə psixologiyası korlanıb. Normal şərtlərdə 13 seriya olaraq nəzərdə tutulan işlər 39 seriyaya qaldırılır. Heç kim bu işdən məmnun deyil, qazancla çıxan da yoxdur. Çünki uzunmüddətli olduğuna görə hamımıza psixoloji və mənəvi olaraq ziyan vurur.
– Qeyd etdiniz ki, bir seriya üç hissəyə bölünüb xaricə satılır. Seriala baxılması üçün isə onu gərgin yerdə bitirmək lazımdır ki, tamaşaçının diqqətini cəlb etsin. Belə çıxır ki, onlar üçün ayrıca montaj prosesi həyata keçirilir?
– Biz serialın haqlarını satdıqdan sonra qalan işləri həmin insanlara həvalə edirik. Hər zaman üçə bölünən serial gərgin yerdə bitmir. Onlar həftədə üç gün yayımlayırlar. Ona görə həmin işləri özləri həll edir.
– İndiyədək çəkdiyiniz seriallardan çəkiliş prosesi ən çətin olanı hansıdır?
– Əslində, başlanğıcda hamısı çox çətindir. Amma ən çətin çəkilişləri olan “Cesur ve Güzel” idi. İlk seriyadakı atla olan, uçurum kənarından düşmə təhlükəsi yaşayan avtomobil səhnəsi əkşn dolu idi. Həmin səhnələrdə çox çətinlik çəkmişdim.
![](https://img.youtube.com/vi/HTiVkZJAvhI/sddefault.jpg)
– Serialda bəzən hüquqi səhvlər olur…
– Səhvlər deməyək, cəmiyyət serialda qarşılaşdığı hadisələri həmişə öyrəşdiyi kimi görmək istəyir. Biz də hüquqşünaslardan məsləhətlər alırıq. Ancaq bizim göstərdiyimiz hekayə yüz nəfərdən ikisinin başına gələ bilər. O yüz nəfərin də doxsan səkkizi prosesi bilmədiyi üçün “səhv eləmisiniz” deyir.
– Serialın ssenarisi hər həftə yazılır? Yoxsa əvvəlcədən tam yazılmış ssenaridir?
– Bir mövsümlük tam ssenari heç vaxt yazıla bilməz. Sadəcə olaraq, qarşımızda konkret hansı bölümdə hansı hadisə olacağı deyilir. Mövsümboyu isə çox şey dəyişə bilir. Bəzən aktyorun performansına görə tamaşaçı həmin hekayəni və obrazı sevmir deyə dəyişiklik edilir. Hekayənin çıxılmaz bir vəziyyət alması da bu amillərdəndir.
– Gözləmədəyiniz halda hansısa obraz daha çox sevildimi?
– Bütün obrazlar çox sevilir. Ancaq “Taylan”ın sevilməsinə mat qaldıq. Normalda çox antipatik bir adamdır. “Merve” obrazını oxuyarkən seviləcəyindən əmin idim. Çünki hər kəsin içində bir “Merve” var.
Hansı ki, içində olmaq istədiyi, ancaq ola bilmədiyi insandır. Hər şeyi cəsurcasına və qorxusuz deyə bilir. “Serhan” da çox sevilir. Bu nöqtəyə gələ biləcəyini düşünməmişdim.
– RTÜK-ün (Türkiyənin Radio və Televiziya Şurası - red.) senzuraları ilə bağlı olaraq “Oya” və “Serhan” səhnələri azaldılacaq deyə xəbərlər yayıldı…
– Biz hekayəni yazarkən RTÜK nə deyər deyə düşünmürük. Öncə tamaşaçıdan gələn rəylərə baxırıq. Onlar bizim üçün dəyərlidir. Yalan xəbərlər çıxır. Bizə cəza verilməyib və cərimələnmə qorxusu ilə serial çəkmirik.
Heç bir şəkildə cəmiyyətin milli və mənəvi dəyərlərinə zidd olan hadisələri qabartmaq niyyətimiz yoxdur. RTÜK müdaxilə etməsin deyə, dərdimizi başa salmaq üçün başqa çarələr axtarırıq. Hazırda heç bir sıxıntımız yoxdur.
– İkinci mövsümdə seriala yeni obrazlar daxil olacaq?
– Əslində, biz yeni obraz yaratmırıq. Aktyor hekayəsi ilə birlikdə seriala daxil olur. Həmin obrazı o qədər özününküləşdirir ki, hekayənin gün işığına çıxması da çox gözəl reaksiyalar yaradır. Amma önümüzdəki mövsümdə yeni obrazlar ortaya çıxacaq.
– “Ufak Tefek Cinayet”lərdə hansı rolda başqa məşhuru görmək istəyərdiniz?
– Doğru seçimlər etmək çox önəmlidir. Hazırda bütün aktyorlar yazılan obrazları çox gözəl canlandırırlar. Onları nə türk aktyorlarına, nə də Hollivud ulduzlarına dəyişərəm. Proyektə çox gözəl ruh verdilər.
– Azərbaycanlı aktyor və aktrisalardan kimi tanıyırsınız?
– Düzünü desəm, çox tanıdığım adam yoxdur. Buraya gələndən sonra bəziləri ilə tanış olmuşam. Bundan sonra izləməyə başlayacam…
Pərviz Hüseyn
Foto: Elnur Nuriyev
www.oxu.az
Rəylər