Umka Hacıyeva... Əsl adı Ümmə olan bu qız çoxlarına tanış gəlir. O, ANS-də yayımlanan “Top-10” verilişinin aparıcısı idi. Sosial şəbəkələrdə yayımlanan açıq-saçıq şəkillərinə görə işdən azad olunan aparıcının yeni planları varmış.
Oxu.Az xəbər verir ki, Bunu virtualaz.org saytına açıqlamasında özü dedi:
- Kiminsə istirahətdə çəkilmiş şəkillərinə görə onu milli-mənəvi dəyərlərin pozulmasında günahlandırıb işdən azad etmək olarmı?
- Təbii ki, buna haqq qazandırmaq olmaz. Əminəm ki, mənə milli-mənəvi dəyərlərdən dərs deyənlərin keçmişini qurdalasaq, nələr taparıq, nələr. Belə də ki, hər kəs hər şeyi gözəl bilir. Mənim artıq söz deməyimə ehtiyac yoxdur.
- Bir dəfə demisiniz ki, mən soyunaraq mentalitetə üsyan edirəm. Daha sonra başınızda çadra məscidə gedib şəkil çəkdirdiniz. Bunu tanınmaq üçün reklam kimi qələmə verdilər. Belə idimi?
- Birincisi, mən heç vaxt elə müsahibə verməmişəm. İkincisi, başıbağlı şəkillər isə serialda oynadığım roldandır. Mən bu hadisə ilə bağlı reklam haqda düşünməmişəm. Əslində bununla mənə pislik eləmək istədilər. Amma reklam edərək yaxşılıq elədilər.
- Bir dəfə demişdiniz ki, “yaxşı pul versələr, soyunaram”. Özünüzü ictimai hadisələrə çılpaq soyunmaqla etiraz edən Ukraynanın məşhur “Femen” hərəkatı ilə müqayisə edirsinizmi?
- Niyə də yox?! Bakıda mənim kimi 1000 qız olsa, “Femen” hərəkatı yaradıb nələrsə eləyə bilərik. Amma indi mənim kimi nəinki 1000, heç 100 qız da yoxdur. Dərd də elə bundadır.
- Sizcə, Azərbaycanda qadın azadlığı varmı? Qadınların hüquqların qorumağa hazırsınızmı?
- İnanırsınızmı, haqqı tapdalanan qızlar, gəlinlər, qadınlar var a, saytlarda və sosial şəbəkələrdə mənim şəkil və müsahibələrimə aqressiv yanaşanların əksəriyyəti elə onlardır. Bilirsiniz nədən doğur bu? Çünki onlar da mənim kimi azad olmaq arzusu ilə yaşamaqdadır. Təəssüflər olsun ki, onlar sadəcə bu arzu ilə yaşayırlar. Mən necə istəyirəmsə, elə də geyinirəm və yaşayıram. Çünki mən azad insanam.