Xalq artisti Faiq Ağayev onun ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirdi.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişinə müsahibəsində ona söz atan müğənnilərin cavabını verib:
“Bostanıma daş atmaq, adımı ləkələməyə çalışmaq mənə gülünc gəlir. Allah qaldıranı heç kim yıxa bilməz. “Faiq Ağayevi məhv edəcəyik” deyənlərə gülürəm, axı bunu bacara bilən yoxdur. Heç kim deyə bilməz ki, səni biz Faiq Ağayev etmişik. Bu yerlərə öz gücümə gəlmişəm. Küçəyə, şəhərə çıxıb rahat gəzən insanam. Yolda gedəndə heç kim yaxınlaşıb düşmənlərimin xəstə başlarından uydurduqları sözləri demirlər.
Mən hörmət qazanmışam. Bu günə kimi əldə etdiyim ən böyük sərvət xalq sevgisidir. Heç kimə söz atmamışam. Hər zaman cavab verən mövqedə olmuşam. Cavabımsa o qədər tutarlı olub ki, məsələ mənim cavabım əsasında qurulub”.
Aytən Sadıqzadə
www.oxu.az