Anasının vəfatından sonra səhnədən xeyli müddətdir uzaqlaşan Xalq artisti Zülfiyyə Xanbabayeva yenidən səhnəyə qayıdıb.
Oxu.Az xəbər verir ki, müğənni “Onlar” verilişində onu əfi ilan adlandıranlara cavab verib:
“Sirlərim çoxdur. Sirlərimi mənə çox yaxın insanlarla paylaşıram. Hərdən mənim üçün əfi ilan da deyirlər. Guya mən özümü məsum göstərirəm. Mən necəyəm, elə də varam. Mən təmiz şüşə, yaxud mələk deyiləm”.
Zülfiyyə Xanbabayeva Aygün Kazımova və Brilliant Dadaşova ilə aralarında olan inciklikdən danışıb.
Hər iki xalq artistinin arasında soyuq küləklər əsməyinə baxmayaraq Xanbabayeva İlqarəyə dəstək olacağını qeyd edib:
“Yolu açıq olsun. Çox istedadlı qızdır. Mən onu dəstəkləməyə hazıram. Səhnəmizdə onun yeri var. İlqarənin və Dənizin ayağına dəyən daş mənim ürəyimə dəyir. Mənim qızımın da bu sahəyə həvəsi var. Bizim gözəl sənətimiz var. Nəyə görə övladlarımız bu yolu davam etməsinlər?”.
Daha sonra Zülfiyyə xanım B.Dadaşova ilə aralarında gəzən söz-söhbətdən danışıb:
“Sevinənlər, sevinməyənlər, gözügötürən və götürməyənlər sakit olun, Brilliant xanımla çox gözəl münasibətimiz var. Aramızda heç inciklik də olmayıb”.
Xalq artisti yeniliklərindən də söz açıb:
“Sözləri və musiqisi İsmayıl Əsədova, aranjimanı Ramin Əliyevə aid olan yeni mahnı hazırlamışıq”.
Aytən Sadıqzadə
www.oxu.az