1990-cı illərin əvvəllərindən Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasında mübahisə mövzusu olan Xəzər dənizinin hüquqi statusu Astanada Mərkəzi Asiya dövlət başçılarının növbəti görüşü zamanı müəyyən edilə bilər.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya prezidentinin Xəzəryanı ölkələrlə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.
O bildirib ki, bu məsələ ətrafında müzakirələr 25 ildən çoxdur ki, davam edir və yalnız indi tərəflər razılığın əldə olunmasına yaxınlaşıblar:
“Ona görə də mümkündür ki, dövlət başçılarının yaxın zamanlarda Astanada baş tutacaq görüşündə Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzalansın”.
Onun fikrincə, bu sənəd olmadan fəal iqtisadi əməkdaşlıq haqqında danışmaq çox çətindir:
“Buna görə də Rusiya hökumətinin təqdim etdiyi təkliflər variantı Prezident Vladimir Putin tərəfindən artıq razılaşdırılıb”.
R.Abdulatipov bildirib ki, Xəzərin statusunun müəyyənləşdirilməsi məsələsində ləngimə ekoloji problemlərin dərinləşməsinə gətirib çıxaracaq.
Onu sözlərinə görə, Xəzər bir sıra istiqamətlər üzrə artıq fəlakətin astanasındadır:
“Bir neçə il əvvəl imzalanmış Xəzər dənizinin qorunmasına dair Tehran Konvensiyası isə çox da səmərəli işləmir”.