İyunun 9-da keçiriləcək Avropa Parlamenti (AP) seçkisi qlobalist, şərti solçu partiyaların hökmranlığına öyrəşmiş bütün Avropa ictimaiyyəti üçün əsl şoka çevrilmək təhlükəsi yaradır. Proqnozlara görə, səsvermə nəticəsində AP-yə, əsasən, sağçı, mühafizəkar partiyaların nümayəndələri daxil olacaqlar. Nəticədə Avropa Parlamentinin ritorikası, o cümlədən Azərbaycana münasibətdə dəyişə bilər.
Almaniyadan olan analitik, "Neue Zeiten" jurnalının və "Neue Zeiten TV" "YouTube" kanalının naşiri və baş redaktoru Aleksandr Çerkasski Oxu.Az-la söhbətində bununla bağlı fikirlərini bölüşüb.
- Almaniyadan danışsaq, sağ mərkəzçi blok olan XDİ/XSİ (Almaniya Xristian Demokratik İttifaqı və Bavariyada Xristian Sosial İttifaqı - red.) Avropa Parlamentində çoxlu səs qazana və müvafiq olaraq, mandat ala bilər. Bunu Almaniyada keçirilən sorğuların nəticələri də sübut edir. Yaşıllar və Sosial Demokratlar (hakim koalisiyaya daxil olan - red.) mövqelərini nəzərəçarpacaq dərəcədə itiriblər.
- XDİ/XSİ ilə yanaşı, sağçı, mühafizəkar partiyalar da var, məsələn, Almaniya üçün Alternativ (Alternative für Deutschland, AfD) ki yaxşı reytinqə malikdir.
- XDİ/XSİ klassik mühafizəkarlardır. Almaniya üçün Alternativ sağçı populist partiya hesab olunur, bəziləri hətta onları marginal partiya adlandırırlar. Almaniya AfD ilə bağlı müxtəlif qalmaqallarla sarsılır və çətin ki, kimsə onlarla koalisiyaya girsin. Məsələn, Marin Le Penin Fransanın ultrasağçı Milli Birlik Partiyası AfD ilə əməkdaşlıqdan imtina edib. Avropa Parlamentində isə müxtəlif ölkələrdən olan əlaqəli partiyalar, adətən, bloklarda birləşirdilər. Amma təbii ki, Almaniya üçün Alternativ öz səslərini alacaq.
- Qərbin məşhur "Politico" nəşri yazır ki, hazırkı Kansler Olaf Şoltsun Sosial Demokrat Partiyası güclü mövqeyə malik olan sağçılar səbəbindən AP seçkisində "üçüncü yeri" tuta bilər. Bu proqnozla razısınızmı?
- Razıyam. Düşünürəm ki, məhz belə də olacaq. Bu yaxınlarda Azad Demokrat Partiyasının namizədlərindən birinin Şoltsa qarşı şəxsi hücumu oldu, amma bu partiya hakim koalisiyaya daxildir.
- Demək olarmı ki, seçkidən sonra Avropa Parlamentinin tərkibi nəzərəçarpacaq dərəcədə dəyişəcək, yeni simaların və qüvvələrin axını olacaq?
- Düşünürəm ki, Avropa Parlamenti sağçı olacaq. Müxtəlif ölkələrdə müxtəlif partiyaların öz tarixləri var, məsələn, Niderlandda Gert Vildersin rəhbərlik etdiyi sağçı Azadlıq Partiyasının uğurları. Eyni vəziyyət digər Avropa ölkələrində də təkrarlandı. Bu, Avropa Parlamentinə seçkinin nəticələrinə təsir etməyə bilməz. Beləliklə, təkrar edirəm: AP-nin siyasi strukturunda sağçılar daha çox olacaq. Bunun səbəbi isə müxtəlif ölkələrdə qaçqın böhranı və iqtisadi uğursuzluqlardır.
- Gəlin Cənubi Qafqaz məsələsinə toxunaq. Avropa Parlamentinin hazırkı tərkibinin nəzərəçarpan hissəsi, yumşaq desək, anti-Azərbaycan istiqamətində köklənib. Bunu təsdiq edən çox sayda qətnamələr və bəyanatlar olub. Yeni çağırış Avropa Parlamentinin ritorikası dəyişəcəkmi?
- Mən Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən o qədər baş açmıram, amma bilirəm ki, burada Fransa öz rolunu oynayır. Və bu, məsələnin bir tərəfidir. İkinci tərəf Avropada və ümumiyyətlə bütün dünyada solçu siyasət problemidir. Solçular dünyanı olduğu kimi deyil, öz təsəvvürlərində canlandırdıqları kimi görürlər. Bu, bir çox mövqelərə təsir edir və ziddiyyətli bəyanatlar ortaya çıxır. Yeri gəlmişkən, solçu Avropa elitası bir vaxtlar həm Sovet İttifaqı, həm də sosialist hərəkatları ilə ortaq dil tapırdı.
Sağçı qüvvələr isə əslində olandan, reallıqda olandan geri çəkilirlər. Beləliklə, Avropa Parlamentinin tərkibi sağçı qüvvələrin xeyrinə yenidən bölüşdürülsə, siyasi ritorika da dəyişəcək, o cümlədən Azərbaycana olan münasibətdə. Ölkənizə münasibətdə realizm daha çox olacaq, daha balanslaşdırılmış siyasət seçiləcək.
Nair Əliyev