"Alyaska, sadəcə, hər hansı bir ABŞ ştatı deyil - bu, Rusiya imperiyasının XIX əsrdə ABŞ-yə torpaq satmasını xatırlatmasıdır. Həmin alış-veriş Rusiyanın Şimali Amerikadakı imperialist iddialarına son qoymuşdu. Lakin görüşün bu məkanda keçirilməsi həmin tarixi sanki tam tərsinə çevirdi. ABŞ Putinə sanki itirdiyini geri almağa gəlmiş bir adamın lovğalığı ilə Amerika torpağına qədəm qoymaq şansı yaratdı. İmperiya nostaljisinə aludə olmuş Kreml üçün bu, təbliğat üçün vasitəyə çevrildi".
Bunu Oxu.Az-a açıqlamasında amerikalı siyasi şərhçi İrina Tsukerman deyib.
O bildirib ki, müttəfiqlərin gözündən baxanda məkan seçimi olduqca narahatedici siqnal verdi:

"Xüsusən də Şərqi Avropadakı NATO tərəfdaşları ən böyük qorxularının təsdiqləndiyini gördülər: Vaşinqton Moskvaya legitimlik, bərabərlik və hətta müəyyən qədər ehtiram bəxş edən bir səhnə təqdim etməyə hazır idi. Rusiyaya mane olmaq strategiyasını möhkəmləndirmək əvəzinə, bu mənzərə ABŞ-nin Rusiyaya yol verdiyini, nə neytral Cenevrədə, nə də mühafizə olunan Brüsseldə deyil, məhz Kreml təbliğatının tam uyğunlaşdığı tarixi simvolizmlə yüklü bir məkanda görüşdüyünü göstərdi. İndi rus aqressiyası qarşısında ABŞ-nin qətiyyətinə güvənən müttəfiqlər sual verməli olacaqlar: görəsən, Vaşinqton, həqiqətən, uzunmüddətli mane olma strategiyasına sadiqdir?"
"Rəqiblər üçün də verilən mesaj eyni dərəcədə zərərli oldu. Pekin, Tehran və Pxenyan gördülər ki, ABŞ Putinə belə bir foto fürsəti təqdim etdi. Bu, həmin ölkələrin daxilində elə təqdim oluna bilər ki, guya ən çox sanksiyalara məruz qalmış, təcrid olunmuş Rusiya belə, ABŞ-nin prezidentini özünə sərf edən məkana çəkə bilir, yəni ABŞ ilə qarşıdurma mütləq təcridə gətirmir. Görüş ABŞ ərazisində keçirilsə də, Kreml bunu özünün qələbəsi kimi qələmə verə bildi. Bir daha sübut etdi ki, güc təkcə real imkanlarda deyil, həm də təsəvvürlərdədir.
Çökməkdə olan bir iqtisadiyyat, aqressiya, repressiya və strateji səhvlərlə tanınmış beynəlxalq reputasiyası olan Rusiya lideri o simvolik görüntülərə nəzarətlə Alyaskaya elə daxil oldu ki, sanki öz sarayına gəlib, görüşün ritmini və üslubunu özü diktə edir", - analitik vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu, Kreml mifini daha da qidalandırıb:
"Rusiya dövlət televiziyası "tarixin tamamlana bilməsi" barədə gurultulu təbliğata başladı. Sanki Qərb Rusiyanın əbədi varlığını və təsirini etiraf etmiş kimi təqdim olundu.
Görüşün Alyaskada təşkili ilə inamlı şəkildə şərtləri diktə etməli olan ABŞ, əksinə, güzəşt edən kimi göründü və bu kadrlar Kreml təbliğatında istifadə olunacaq.
Görüş heç bir razılaşma ilə yadda qalmadı. Putin isə daxildə imicini möhkəmləndirən psixoloji qələbə qazandı və güzəştə getmək üçün heç bir təzyiq hiss etmədi".
Mərahim Nəsib