ATƏT-in “üçlüyü” çərşənbə axşamı Berlində Dağlıq Qarabağ və Ukraynadakı vəziyyəti müzakirə edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ATƏT-in “üçlüyü” təşkilatın baş katibi Lamberto Zanyer ilə birgə bəyanatlarında Donbasda işləyən Xüsusi monitorinq missiyası müşahidəçiləri üçün təhlükəsizliyin təmin edilməsinə və Qarabağ münaqişəsi zonasında təcavüzə son qoyulmasına çağırıb.
“Nazirlər və baş katib Zanyer tərəfləri ATƏT-in müşahidəçiləri üçün tam təhlükəsizlik, Xüsusi monitorinq missiyasının mandatına və Minsk müqavilələrinə uyğun olaraq münaqişə zonasına məhdudiyyətsiz çıxış təmin olunmasına çağırıb.
Onlar vurğulayıblar ki, missiya mütəxəssislərinə qarşı yönəlmiş fəaliyyət yolverilməzdir”, - görüşün yekun bəyanatında deyilir.
Dağlıq Qarabağdakı münaqişəyə gəldikdə isə, “üçlük” münaqişə tərəflərini “təcavüzə son qoyaraq atəşkəs rejiminə riayət etməyə” çağırıb, eləcə də vurğulayıb ki, “münaqişənin hərbi yolla həlli mövcud deyil”.
“Üçlüyə” ATƏT-in hazırkı, eləcə də keçən və gələn ilki sədrləri daxildir. Hazırda ATƏT-də Almaniya sədrlik edir, keçən il sədr Serbiya idi, 2017-ci ildə isə sədr Avstriya olacaq. Həmçinin görüşdə ATƏT-in baş katibi Zanyer də iştirak edib.