Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Oxu.Az-ın məlumatına görə, başsağlığında deyilir:
“Dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş dəhşətli qəza ilə bağlı xəbər məni dərindən kədərləndirdi.
Qəza nəticəsində həlak olanların ailələrinə Avropa Şurası adından dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını, itkin düşmüş şəxslərin sağ-salamat tapılmasını, onların axtarışı ilə məşğul olan fövqəladə xidmət əməkdaşlarına cəsarət və əzmkarlıq arzu edirəm”.
Bundan başqa, Macarıstanın Baş naziri Viktor Orban, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri də İlham Əliyevə başsağlığı məktubları ünvanlayıblar.